DİQQƏT: Yeni təhlükə - Zibilliyə atdığımız ödəniş qəbzləri problem yarada bilər

Son zamanlarda müzakirə olunan məsələlərdən biri də fərdi məlumatların qorunması ilə bağlıdır. Texnoloji irəliləyişlər və rəqəmsal dünyanın inkişafı ilə bu məsələ daha da aktual hala gəlib. Bu məlumatlar şəxsi, işgüzar, tibbi və digər həssas məlumatları əhatə edir. Fərdi məlumatların qorunması ilə bağlı əsas təhlükələrdən biri məlumatların sızmasıdır. Kiber hücumlar, məlumat oğurluğu və hack hadisələri nəticəsində çox sayda şəxsin məlumatları yanlış əllərə keçə bilər. Bu cür hadisələr insanların şəxsi həyatına ciddi zərər verə bilər.
Heç bilirdinizmi ki, zibilliyə atdığınız ödəniş qəbzləri problem yarada bilər. Bəzən düşünürük ki, adi və lazımsız kağızdır, nə ola bilər?! Hakerlər isə heç də belə düşünmürlər. Bu məlumatlar sizə nə qədər gərəksiz görünsə də, hakerlər elə həmin sənədlərdə olan fərdi məlumatlarınızı, yəni ad, soyad, fin kodunuz, şəxsiyyət vəsiqənizin nömrəsi və digər məlumatları oğurlayaraq hesablarınıza icazəsiz giriş əldə edir və istənilən əməliyyatı adınızdan icra edir, pullarınızı ələ keçirir və hətta şifrələrinizi asanlıqla dəyişirlər.
Bəs fərdi məlumatların oğurlanmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir və insanlar bu zaman nələri nəzərə almalıdırlar?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa bu barədə bir sıra məsələlərə aydınlıq gətirib.
Ekspert ilk olaraq bildirib ki, rəqəmsal transformasiyanın yayıldığı bir dövrdə müxtəlif müəssisə və təşkilatlar tərəfindən elektron ödəniş xidmətlər təqdim edilir ki, bunlar vasitəsilə də istifadəçilər müxtəlif ödənişləri həyata keçirə bilir: “Belə ki, bir çox qurumlar göstərdikləri xidmətləri həmin platformalara inteqrasiya edərək ödəniş məlumatlarını - borclarını elektron ödəniş xidmətləri sisteminə ötürür. Bununla yanaşı, müəssisələr ödəniş məlumatları haqqında məlumatları kağız daşıyıcılarda da vətəndaşlara təqdim edir və onlar da həmin bu qəbzlər vasitəsilə ödəniş edirlər. Bu qəbzlər, çeklər və ya ödəniş zamanı verilən digər sənədlər bizim üçün adi görünsə də, həmin sənədlərdə vətəndaşların ad, soyad, fin kodu, şəxsiyyət vəsiqəsinin nömrəsinə digər məlumatlar fərdi məlumatları öz əksini tapa bilər”.
Onun sözlərinə görə, fərdi məlumatların qorunması mühüm məsələdir: “Son dövrlər kiberdələduzluq hallarının artdığını nəzərə alaraq, burada əks olunan fərdi məlumatlar hakerlər, fırıldaqçılar və kibercinayətkarlar tərəfindən sui-istifadə oluna bilər. Onlar bu məlumatlardan istifadə edərək vətəndaşların müxtəlif qurumlarda olan elektron portallarına, sosial şəbəkə hesablarına, e-poçt ünvanlarına və digər şəxsi hesablarına giriş əldə edə bilərlər. Bu cür kibertəhdidlər nəticəsində şəxsi məlumatlar oğurlana, dəyişdirilə və ya üçüncü şəxslərə ötürülə bilər. Kibercinayətkarlar adətən oğurladıqları məlumatlardan müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn, onlar vətəndaşların bank hesablarına giriş əldə edərək kredit kartı məlumatlarını ələ keçirə, saxta pul köçürmələri həyata keçirə və ya həmin hesablardan istifadə edərək qeyri-qanuni əməliyyatlarda istifadə edə bilərlər.
Bundan başqa, fırıldaqçılar vətəndaşlara zəng edərək, saxta mesajlar göndərərək pul tələb edə, müxtəlif saxta kampaniyalar adı altında onların şəxsi və maliyyə məlumatlarını ələ keçirməküçün manipulyasiya edə bilərlər”.
A.Mustafa bildirib ki, bu cür hücumlar insanlara yalnız maddi deyil, eyni zamanda mənəvi və psixoloji təsir də göstərə bilər: “Buna görə də müxtəlif müəssisələr tərəfindən, hətta alış-veriş zamanı vətəndaşlara təqdim olunan qəbzlərdə də fərdi məlumatların ola biləcəyini nəzərə alaraq vətəndaşlar diqqətli davranmalıdır. Bəzən vətəndaşlar çek və qəbzləri toplu şəkildə tullayırlar. Bu isə kiber dələduzların həmin tullantılardan istifadə edərək oradakı məlumatları kombinasiyalı şəkildə analiz etməsinə və fərdi hesablara daha asanlıqla qoşulmasına şərait yaradır. Beləliklə, şəxsi məlumatların oğurlanması riski daha da artır. Bunun qarşısının alınması məqsədilə vətəndaşlara çek, qəbz və s. tipli sənədləri atarkən daha diqqətli olmaları tövsiyə olunur. Bu cür sənədləri sadəcə zibil qutusuna atmaq əvəzinə, onları parçalamaq və ya xüsusi kağız doğrayıcı cihazlardan istifadə edərək məhv etmək tövsiyə olunur. Göstərilən tədbirlərdən əlavə əlbəttə ki, hər kəs öz elektron hesablarını qorumaq məqsədilə rəqəmsal təhlükəsizliyinə dəciddi yanaşmalıdırlar. Bunun üçün vətəndaşlar güclü parollardan istifadə etməli, iki mərhələli identifikasiyanı aktivləşdirməli şübhəli keçidlərə və elektron poçta göndərilən məlumatlara diqqətli yanaşmalıdırlar”,-deyə o fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
14:48 28.02.2025
Oxunuş sayı: 9053