Mərkəzi Elmi Kitabxanada yeni könüllülük proqramına start verilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti könüllülük proqramına start verilib. Könüllülərlə görüşdə çıxış edən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov ölkəmizdə könüllülük fəaliyyətinin geniş şəkildə dəstəkləndiyini və dövlət tərəfindən bu sahəyə xüsusi önəm verildiyini vurğulayıb. Direktor əvvəlki könüllülük proqramının kitabxana işinə olan marağı artırdığını bildirərək, bu dəfə müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunduğunu vurğulayıb. Hüseyn Hüseynovun sözlərinə görə, 300-dən çox müraciət arasından aparılan seçim nəticəsində 20 gənc könüllü kimi fəaliyyətə başlamaq imkanı əldə edib. Direktor könüllülərin üç ay müddətində kitabxananın fəaliyyətinə töhfə verəcəyinə inandığını bildirərək onlara uğurlar arzulayıb.
MEK-də könüllülərə məsul şəxs, elmi katib Şəbnəm Rüstəmova da çıxış edərək, könüllülərin kitabxana işinə yaxından kömək edəcəklərini və bu sahədə bilik və təcrübə qazanacaqlarını vurğulayıb. O, könüllülük proqramı çərçivəsində gənclərin kitabxana idarəçiliyi, informasiya texnologiyaları və elmi tədqiqat sahəsində praktiki bacarıqlar əldə edərək gələcək karyeralarına dəyərli töhfə verəcəklərini bildirib. Elmi katib qeyd edib ki, fəaliyyətlərinin sonunda kitabxana tərəfindən könüllülərə xüsusi sertifikat, oxucu bileti, aktivliyi ilə seçilənlərə isə xasiyyətnamə veriləcək ki, bu da onların iş həyatına uğurlu keçid fürsəti yaradacaq.
Tədbirin sonunda könüllülər fəaliyyət müddətində yerinə yetirəcəkləri işlərlə yaxından tanış olublar.
09:48 28.02.2025
Oxunuş sayı: 1302