Sarayevoda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib


Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən paytaxt Sarayevo şəhərində yerləşən və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş Dostluq Parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önündə anım mərasimi keçirilib.
Azərbaycan və Türkiyə səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub, Xocalı və Srebrenitsa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Türkiyə səfirliyinin dini işlər müşaviri Mustafa Güvənc Xocalı faciəsi zamanı həyatını itirənlərin və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhuna dua oxuyub.
Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında 33 il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edib burada “ikinci erməni dövləti” yaratmaq fikrinə düşən separatçıların Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımılarından birini törətdiklərini, yalnız milli və dini mənsubluqlarına görə yüzlərlə dinc sakini – uşaqları, qocaları, qadınları amansızla qətlə yetirdiklərini, dünyanın isə bu antibəşəri cinayətə laqeyd qaldığını bildirib. Aradan keçən illər ərzində Xocalı şəhidlərinin ruhunun xalqımızı yalnız kədərə qərq etmədiyi, həm də haqqın bərqərar olmasına səslədiyi qeyd olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun onilliklər boyu erməni işğalı altında qalmış bütün ərazilərimizi azad etdiyi vurğulanıb.
Səfir böyük təəssüf hissi ilə dünyanın susaraq razılıq verməsi nəticəsində bənzər etnik təmizləmə siyasətinin Bosniya və Herseqovinada, ilk növbədə isə minlərlə insanın yalnız milli-dini mənsubiyyətinə görə soyuqqanlılıqla qətlə yetirildiyi Srebrenitsada da həyata keçirildiyini qeyd edib.
Bosniya və Herseqovina Parlamentinin Xocalı soyqırımını tanıması, Sarayevonun mərkəzindəki Azərbaycan və boşnak xalqlarının Dostluq Parkında Xocalı və Srebrenitsa analarının heykəlinin ucaldılması xalqlarımızın etnik zəmində törədilmiş cinayətlərə qarşı mübarizədə birlik və əzmkarlığının rəmzi kimi qiymətləndirildiyi bildirilib.
Vilayət Quliyev Xocalı şəhidlərinin xatirəsinin artıq qəhrəman Azərbaycan Ordusunun erməni separatçılardan azad edilən Xocalıda qeyd olunduğunu deyib. Hazırda burada böyük quruculuq-abadlıq işlərinin aparıldığı, artıq Xocalı sakinlərinin yurdlarına qayıtmağa başladığı bildirilib. Faciənin yaraları sağaldılsa da, Xocalı soyqırımının heç zaman insanlarımızın yaddaşından silinməyəcəyi, yer üzündə oxşar cinayətlərin bir daha törədilməməsi üçün daimi yaddaş və xəbərdarlıq rəmzinə çevriləcəyi vurğulanıb.
Qeyd edək ki, hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı səfirliyin ərazisində yarıya qədər endirilib.(azərtac)
19:27 26.02.2025
Oxunuş sayı: 973