Bank kartlarından oğurluqla bağlı DİN-dən açıqlama: "Vətəndaşlara xəbərdarlıq edirik ki..."
- Son dövrlərdə sosial şəbəkələrdə bank kartlarından pul oğurluğu ilə bağlı şikayətlər artır. Saxta SMS-lər və dələduzluq cəhdləri vətəndaşlar arasında ciddi narahatlıq doğurur. Hətta bəzi istifadəçilər bu cür dələduzluq hallarında bankların özlərinin də bilərəkdən iştirak etdikləri barədə iddialar irəli sürürlər. İddiaların nə qədər həqiqətə uyğun olduğu sual doğursa da, əsas məsələ kibertəhlükəsizliyin təmin edilməsi üçün görülən tədbirlərin yetərli olub-olmamasıdır. Daxili İşlər Nazirliyi (DİN)bu cür kibercinayətkarlıq halları ilə mübarizədə hansı addımları atmağı planlaşdırır?
- DİN Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli bu barədə Crossmedia.az-ın sorğusunu cavablandırıb. L. İsrafilli vətəndaşların etibarından sui-istifadə etməklə onların şəxsi məlumatlarını və maliyyə vəsaitlərini ələ keçirən şəxslər barəsində polisə müraciətlər daxil olduğunu bildirib.
O, söyləyib ki, edilən müraciətlər əsasında polis əməkdaşları araşdırma aparır, qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.- L. İsrəfilli bildirib ki, DİN tərəfindən kiberdələduzluqla mübarizə istiqamətində əməliyyat-texniki tədbirlərlə yanaşı, maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir: "Respublikanın şəhər və rayonlarında ərazi polis orqanları ali və orta təhsil müəssisələrində mütəmadi olaraq kibertəhlükələrə qarşı mübarizə üsulları ilə bağlı görüşlər təşkil edir. Həmçinin, əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında bu mövzuda məlumatverici lövhələr asılır, vətəndaşlarla profilaktik söhbətlər aparılır və üzləşə biləcəkləri kibertəhlükələrlə bağlı zəruri məlumatlar verilir".
- Baş inspektorun sözlərinə görə, vətəndaşların kiberdələduzluqla bağlı məlumatlı olması üçün DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı “Kiberinfo” adlı səhifələri fəaliyyət göstərir və “Avto FM” radiosunda eyni adlı veriliş yayımlanır.
- Polis leytenantı vətəndaşlara xəbərdarlıq edərək vurğulayıb ki, şəxsi və bank kartı məlumatlarının – kartın üzərindəki 16 rəqəmli kodun, CVV, 3D təhlükəsizlik kodunun və kartın bitmə tarixinin tanımadıqları şəxslərə verilməsi saniyələr içində kartdakı maddi vəsaitin oğurlanmasına və kiberdələduzların qurbanına çevrilməsinə səbəb ola bilər.
- “Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə qarşı diqqətli olmağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik,” – deyə Lumu İsrəfilli bildirib.
- Nihat Tahirov
11:34 23.01.2025
Oxunuş sayı: 3111