CROSSMEDIA - Məhkumluq arayışlarını vahid internet portaldan əldə etmək mümkün olacaq
Hadisə

Məhkumluq arayışlarını vahid internet portaldan əldə etmək mümkün olacaq

Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalan təşkilatlara məhkumluq barədə arayışı portal vasitəsilə təqdim edə biləcəklər.

Crossmedia.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərarına əsasən, bir sıra dövlət qurumları ilə dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) inteqrasiyası nəzərdə tutulub.


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti inteqrasiya prosesi Daxili İşlər Nazirliyi ilə birgə “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması haqqında məhkəmə qərarının olub-olmaması barədə məlumat”ın arayış formasında portala ötürülməsi istiqamətində icra olunub.

İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarla yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında məlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilən arayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısını alır.


Müraciət zamanı müvafiq altsistemlərə inteqrasiyanın həyata keçirilməsi, zəruri məlumatların ötürülməsi, tələb olunan məhkumluq barədə arayışın rəqəmsal formada təqdim edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) üzərindən həyata keçirilir. Bununla da, sistemdə müraciət zamanı kağız daşıyıcıda olan sənədlərin minimuma endirilməsi təmin edilmiş olur.

Qeyd edək ki, təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin portal vasitəsilə real vaxt rejimində əldə olunması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.

15:34 21.01.2025

Oxunuş sayı: 971

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR