Avstriyada 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
Yanvarın 20-də Karl Frans adına Qrats Universitetində “1990-cı ildə Bakıda baş verən Qara Yanvarın 35-ci ildönümü: Sovet İttifaqının dağılması ərəfəsində hərbi müdaxilələr” mövzusunda konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), Müharibə nəticələrinin araşdırılması üzrə Ludviq Boltsmann İnstitutu və Qrats Universitetinin birgə təşkil etdiyi tədbirdə universitetin tələbə və müəllimləri, elmi-araşdırma mərkəzlərinin nümayəndələri və beynəlxalq münasibətlər üzrə ekspertlər iştirak ediblər.
Lüdviq Boltsman İnsitutunun direktoru professor Barbara Stelts-Marks və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açılış nitqi ilə çıxış ediblər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Ludviq Boltsmann İnstitutunun direktor müavini Peter Ruqqentaler, Çin və Qloballaşma Mərkəzinin böyük elmi işçisi Harvey Dzodin, Harvard Universitetinin Soyuq müharibə üzrə araşdırma proqramının direktoru Mark Kramer və Bolqarıstan Elmlər Akademiyasının elmi işçisi Nadia Boyaciyeva isə mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Qanlı Yanvar hadisəsinin məqsədi Sovet rəhbərliyinin Azərbaycanda azadlıq hərəkatını amansızlıqla boğmaq cəhdi, Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı güc tətbiqi və insan hüquqlarının kobud şəkildə pozulması olub. Eyni zamanda, bu faciənin hələ də beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət almadığı vurğulanıb. Xüsusilə qeyd olunub ki, mülki şəxslərə qarşı böyük tələfatla nəticələnən güc tətbiqi həmin dövrdə Qərb mətbuatında geniş işıqlandırılmayıb. Bunun səbəbləri nəzərdən keçirilərkən tədbir iştirakçıları 20 Yanvar faciəsinə görə əsas məsuliyyət daşıyan Mixail Qorbaçov haqqında Qərbdə "islahatçı" obrazının olduğu üçün onun bu əməlinə diqqətin yönəldilməməsi siyasətini qeyd ediblər.
20 Yanvar həqiqətlərinin yayılmasının qarşısını almaq cəhdlərinə rəğmən, törədilmiş qətliamdan dərhal, yəni bir gün sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünya ictimaiyyətinin baş vermiş faciə barədə məlumatlandırılmasında gördüyü tədbirlər diqqətə çatdırılıb.
1990-cu il yanvarın 20-də dinc insanlara qarşı güc tətbiqinin Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğurunda mübarizə əzmini sındıra bilmədiyini bildirilib, Azərbaycanlı şəhidlərin əziz xatirəsi isə əbədi olaraq yaşayaraq, dünyanın müxtəlif bölgələrində, o cümlədən Avstriyada dərin ehtiramla anıldığı bildirilib.
Tədbir iştirakçıları dünya ictimaiyyətini 20 Yanvar faciəsi barədə daha geniş məlumatlandırılması üçün elmi araşdırılmaların aparılmasının faydalı olacağını qeyd ediblər.
Sonda 20 Yanvar hadisələri ilə bağlı sənədli film də nümayiş etdirilib.
19:54 20.01.2025
Oxunuş sayı: 804