SpaceX, Starship meqaraketinin yeddinci sınaq uçuşunu 48 saat təxirə saldı
SpaceX, Starship meqaraketinin yeddinci test uçuşunu 48 saat təxirə saldığını elan edib. Şirkət bu xəbəri sosial media platforması “X” üzərindən paylaşsa da, təxirəsalmanın səbəbi ilə bağlı hər hansı açıqlama verməyib. Texniki bir problem və ya hava şəraiti kimi amillərin bu gecikməyə təsir etmiş ola biləcəyi ehtimal edilir. 120 metr uzunluğundakı Starship raketi artıq 15 yanvar, çərşənbə günü buraxılacaq. SpaceX-in bu vacib sınaq uçuşunu canlı izləmək istəyənlər üçün ətraflı məlumat şirkətin yayımlama platformalarında paylaşılacaq.
Starship, ilk mərhələdə Super Heavy gücləndiricisini və ikinci mərhələdə Starship kosmik gəmisini əhatə edən bir sistemdən ibarətdir. Bu nəhəng raket, 2023-cü ildəki ilk uçuşunda 17 milyon pound itələmə gücü təmin edərək indiyə qədər uçmuş ən güclü raket unvanını qazanıb.
Bu yeddinci sınaq uçuşu yeni nəsil Starship kosmik gəmisi ilə həyata keçiriləcək. Raket, buraxılış zamanı Starlink peyklərinin çəkisini və ölçülərini simulyasiya edən 10 süni peyki daşıyaraq kosmosa buraxacaq. Bu uçuş, Starship-in ilk dəfə yük daşıyıb paylayacağı bir sınaq olması baxımından mühüm bir mərhələ hesab edilir.
Starship-in indiyə qədər həyata keçirilmiş altı sınaq uçuşu hər dəfə əhəmiyyətli irəliləyişlər təmin edib. Xüsusilə, beşinci test uçuşunda Super Heavy gücləndiricisinin buraxılış qülləsinə bağlı nəhəng mexaniki qollarla tutulması ilk cəhddə uğurla həyata keçirilib. Altıncı uçuşda bu manevr sınaqdan keçirilməyib, lakin SpaceX yeddinci uçuşda bu kritik testi təkrar həyata keçirməyi planlaşdırır.
NASA, Starship-i Ay, Mars və Günəş Sisteminin dərinliklərinə ediləcək missiyalarda istifadə etməyi planlaşdırır. SpaceX-in bu sınaq uçuşları, raketin insanlı və insansız kosmik missiyalara tam hazır hala gəlməsi üçün kritik əhəmiyyət daşıyır.
Emil Nağızadə
19:19 13.01.2025
Oxunuş sayı: 3329