Tramp yalnız bu halda yeni əməliyyatlar barədə qərar verəcək
İsrail və ABŞ hərbi rəhbərliyinin İrana qarşı hərbi əməliyyatların yenidən bərpası ilə bağlı müzakirələr aparması Yaxın Şərqdə gərginliyin yenidən artması ehtimalını gündəmə gətirib. Xüsusilə İsrailin hərbi əməliyyatların davam etdirilməsində maraqlı olması və Vaşinqtonda bu istiqamətdə müxtəlif ssenarilərin nəzərdən keçirilməsi diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın yekun qərarının hələ məlum olmaması isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Digər tərəfdən, ABŞ-də daxili siyasi vəziyyət və Konqresdəki qüvvələr nisbəti də mümkün hərbi qərarların qəbuluna təsir göstərə biləcək amillərdəndir. Belə olan halda, ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyatlara başlaya bilərmi? Konqresin mövqeyi Donald Trampın qərarları ilə üst-üstə düşəcəkmi, yoxsa Vaşinqtonda bu məsələ ilə bağlı siyasi fikir ayrılıqları yaranacaq?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zaur Məmmədov qeyd edib ki, hərbi əməliyyatların yenidən başlanması ehtimalı kifayət qədər yüksəkdir: “ABŞ və İsrail öz mövqelərini və beynəlxalq nüfuzlarını qorumaq üçün İran məsələsini müvafiq şəkildə həll etməlidirlər. Əgər bu, danışıqlar masası arxasında mümkün olmazsa, hərbi əməliyyatların yenidən gündəmə gəlməsi istisna edilmir. İran tərəfi də artıq mövqeyini sərtləşdirib. Bunun səbəblərindən biri ABŞ-də daxili siyasi proseslərin inkişafı və yanvar ayında demokratların Konqresdə mövqelərini gücləndirə biləcəyi ilə bağlı gözləntilərdir. Əgər İran əvvəlki mərhələdə danışıqlar prosesini uzatmağa üstünlük verirdisə, hazırkı şəraitdə daha sərt mövqedən çıxış edə bilər. Bu da hərbi əməliyyatların yenidən başlanması ehtimalını gündəmə gətirir”.

Politoloq qeyd edib ki, lakin əvvəlki hərbi əməliyyatların nəticələri nəzərə alınarsa, yeni bir müharibə ABŞ və İsrailin beynəlxalq imicinə ciddi zərbə vura bilər: “Buna görə də hərbi qərarlar çox ciddi şəkildə ölçülüb-biçilməlidir. Hesab edirəm ki, Donald Tramp yalnız əməliyyatların uğurla nəticələnəcəyinə əmin olduqdan sonra müvafiq qərar qəbul edə bilər”.
Ayhan
21:25 19.11.2026
Oxunuş sayı: 44