Qaz limiti bəhanəsilə meşələri qırmaq mədəniyyətsizlikdir! - Ekoloq od püskürdü
Kənd yerlərində qaz limitinin kifayət etməməsi vətəndaşların alternativ yanacaq mənbələrinə, xüsusilə oduna üz tutmasına səbəb olan amillərdən biri kimi gündəmə gəlir. Bu vəziyyət isə meşə fondunun qorunması, ağacların qanunsuz kəsilməsi və ekoloji tarazlığın pozulması ilə bağlı narahatlıqları artırır. Əgər problemin qarşısı vaxtında alınmazsa, enerji təminatı ilə bağlı çətinliklər daha geniş ekoloji fəsadlara yol aça bilər. Bəs qaz limitinin mövcud vəziyyəti kənd yerlərində ekoloji problemləri daha da dərinləşdirə bilərmi? Bu problemin həlli üçün hansı alternativ enerji imkanlarından və mexanizmlərdən istifadə olunmalıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli qeyd edib ki, bu, heç də anlaşılan yanaşma deyil:
"Hansı həcmdə qaz limiti müəyyən edilməlidir ki, insanlar meşələri qırmasınlar? Şəhərlərdə də eyni qaz limiti tətbiq olunur. Bəs şəhər sakinləri nə etməlidirlər? Onlar da gedib harasa ağac kəsərək odun kimi istifadə etməlidirlər? Məncə, bu, bir qədər məntiqsiz yanaşmadır. Kəndlərdə qaz limitinin aşağı olması meşələrin qırılmasına bəraət qazandıra bilməz. Birincisi, meşələri qırmaq mədəniyyətsizlikdir və belə bir hərəkətə yol vermək olmaz. İkincisi, qaz limitinin müəyyən edilməsi ilə bağlı narazılıq varsa, vətəndaşlar bunu müvafiq qaydada bildirməli, etirazlarını ifadə etməlidirlər. Bu, hökumətin qəbul etdiyi qərardır və qərardan narazı olanlar öz mövqelərini qanuni yollarla çatdırmalıdırlar. Qaz limiti bitdikdən sonra əlavə ödəniş etməklə qaz almaq mümkündür. Burada qeyri-adi nə var ki?".

Ekoloq qeyd edib ki, şəhərlərdə yaşayan insanların da eyni problemlə üzləşdiyini nəzərə almaq lazımdır: "Biz də sıravi vətəndaşlarıq, heç birimiz küçədən pul toplamırıq, rüşvət almırıq, məmur deyilik ki, əlavə imkanlarımız olsun. Buna baxmayaraq, qaz limiti ilə bağlı eyni çətinlikləri yaşayırıq. Amma heç birimiz bu səbəbdən gedib ağac kəsməyi düşünmürük. Qaz limitinin az olması bəhanə gətirilərək meşələrin qırılması mədəniyyətdən uzaq davranışdır. İnsanları bu istiqamətdə maarifləndirmək lazımdır. Qaza qənaət etmək, enerjidən səmərəli istifadə yollarını öyrənmək və alternativ həllər axtarmaq olar. Ancaq qaz limiti aşağıdır deyə meşələri qırmaq qətiyyən doğru deyil. Biz özümüz də böyük zəhmət hesabına ağaclar əkir, meşələrin salınması və yaşıllıqların artırılması üçün imkanlar axtarırıq. Belə olan halda, əkilən ağacları rahatlıqla kəsib məhv etmək nə dərəcədə doğrudur? Mən bu yanaşma ilə qətiyyən razı deyiləm. Lütfən, vətəndaşlarımızdan xahiş edirəm ki, meşələrə və yaşıllıqlara qarşı daha məsuliyyətli davransınlar".
Ayhan
20:00 19.11.2026
Oxunuş sayı: 62