Moldovada yüksək vəzifəli şəxs rüşvət ittihamı ilə saxlanıldı
Moldovada Milli Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri İqor Zubku rüşvət işi üzrə 30 günlük ilkin həbsə göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Kişinyov məhkəməsi noyabrın 19-da onun barəsində həbs qərarı çıxarıb. Məhkəmə iclasında iştirak etməyən Zubku səhhətində yaranan problemləri əsas gətirib. Onun vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
İstintaqın versiyasına əsasən, Zubku həmkarlar ittifaqına məxsus ərazidə obyekt icarəyə götürən şirkətin nümayəndəsindən fəaliyyətinə mane olmamaq müqabilində pul tələb edib. İlkin olaraq 5 min dollar istəyib və bunun 4 min dollarını alıb.
Daha sonra ondan əlavə 4 min dollar tələb etdiyi bildirilir. Həmin məbləğin 2 min dollarlıq ikinci hissəsini alarkən saxlanıldığı qeyd olunur.
İstintaq həmçinin Zubkun icarə haqqını artırmaq, müqaviləni ləğv etmək və yoxlamalar təşkil etməklə hədələdiyini iddia edir.
İqor Zubku isə ona qarşı irəli sürülən ittihamları rədd edir və özünü təqsirli bilmir.
18:15 19.11.2026
Oxunuş sayı: 46