Sülh üçün növbəti şərt: Ermənistan bunu etməsə proses ləngiyə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyanın TRIPP layihəsinin praktiki icra mərhələsinə keçilməsi və bu prosesdə Azərbaycanla sərhədin delimitasiyasının əhəmiyyətinə dair açıqlamaları regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində yeni mərhələnin başlaya biləcəyini göstərir. Layihənin həyata keçirilməsi Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin təmin olunması ilə yanaşı, regionda iqtisadi əməkdaşlıq və uzunmüddətli sülh perspektivləri baxımından da mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, layihənin reallaşdırılması prosesində İranın mövqeyi və Ermənistana mümkün təzyiqləri də diqqət çəkən məsələlərdəndir. Tehran dəfələrlə TRIPP layihəsi ilə bağlı narahatlığını ifadə edib. Belə olan halda, Ermənistan bu xarici təzyiqləri necə neytrallaşdıracaq və layihənin praktiki icrasını hansı mexanizmlər əsasında təmin edəcək? Bütün bunlar Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin gələcək taleyi baxımından da mühüm suallar doğurur.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zaur İbrahimli qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları rəsmi İrəvanın ABŞ ilə tərəfdaşlıq çərçivəsində TRIPP layihəsinin icrası istiqamətində praktiki addımlar atmağa hazırlaşdığını göstərir: “Bu istiqamətdə ABŞ-də ciddi fəallıq müşahidə olunur. TRIPP layihəsi Tramp administrasiyasının diqqət mərkəzində olan təşəbbüslər sırasındadır. ABŞ layihənin həyata keçirilməsi üçün Ermənistana həm siyasi, həm də texniki və ekspert dəstəyi göstərir. Eyni zamanda, Azərbaycan tərəfi də xüsusilə son aylarda mövqeyini qəti şəkildə ortaya qoyub. Rəsmi Bakı nümayiş etdirib ki, İrəvan TRIPP layihəsinin reallaşdırılması istiqamətində praktiki addımlar atmadığı təqdirdə, sülh prosesində fasilə yarana bilər. Başqa sözlə, sülh prosesinin irəliləməsi müəyyən mənada TRIPP layihəsinin praktiki müstəvidə həyata keçirilməsindən də asılıdır”.
Politoloq qeyd edib ki, müəyyən fasilədən sonra Ermənistan Baş nazirinin yenidən bu məsələləri aktuallaşdırdığını görürük: “Paşinyan artıq TRIPP layihəsi ilə bağlı konkret addımlardan və təşəbbüslərdən danışmağa başlayıb. Onun açıqlamalarında diqqət çəkən məqamlardan biri də layihənin icrası zamanı Azərbaycanla əməkdaşlıq məsələsidir. Məlum olduğu kimi, TRIPP layihəsi Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, daha sonra isə hazırda tikintisinə başlanılmış Qars–İğdır–Naxçıvan dəmir yolu vasitəsilə Türkiyə ilə əlaqələndirəcək. Beləliklə, bu marşrut Orta Dəhlizin qollarından biri kimi fəaliyyət göstərə bilər.
Lakin nəzərə almaq lazımdır ki, TRIPP layihəsinin ilkin və əsas missiyası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası, Naxçıvanın blokadadan çıxarılmasıdır. Bu baxımdan, TRIPP-in Ermənistan ərazisindən keçən hissəsində nəqliyyat-logistika prosedurları, sərhəd-keçid mexanizmləri və digər texniki məsələlər müzakirə olunmalı, Azərbaycanla razılaşdırılmalıdır. Paşinyanın son açıqlamaları bu istiqamətdə müəyyən irəliləyişin mümkünlüyündən xəbər verir. Güman etmək olar ki, artıq gələn ildən etibarən praktiki addımların atılması, tərəflər arasında məsləhətləşmələrin aparılması və texniki işlərin başlanması gündəmə gələ bilər. TRIPP layihəsinin reallaşdırılması üçün digər vacib məsələlərdən biri də sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Hazırda Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin yalnız 12,5 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub. Layihənin keçəcəyi ərazilərdə də bu prosesin həyata keçirilməsi zəruridir. Rəsmi Bakı və İrəvanın bu sahədə artıq müəyyən təcrübəsi və formalaşmış institusional mexanizmləri var. Ermənistan tərəfindən siyasi iradə nümayiş etdiriləcəyi təqdirdə, bu məsələnin həllində ciddi çətinliklərin yaranacağını düşünmürəm. Eyni zamanda, SSRİ dövründən qalan dəmir və avtomobil yolları ilə bağlı sənədlər də mövcuddur. Azərbaycanın bu cür infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində kifayət qədər böyük təcrübəsi var. Burada əsas şərt Nikol Paşinyanın mövcud mövqeyinin ardıcıl şəkildə davam etdirilməsi və siyasi iradənin nümayiş olunmasıdır. TRIPP layihəsi ilə bağlı xarici təzyiqlərə gəldikdə isə, İran tərəfindən bu məsələ ilə əlaqədar mütəmadi açıqlamalar verildiyini görürük. Rusiya tərəfi də zaman-zaman layihə ilə bağlı mövqeyini ifadə edir. Bununla belə, bütün tərəflər vurğulayırlar ki, TRIPP-in keçəcəyi ərazi Ermənistanın suveren ərazisidir. Azərbaycan da dəfələrlə bəyan edib ki, layihənin Ermənistan ərazisindən keçən hissəsi məhz bu ölkənin suverenliyi çərçivəsində həyata keçiriləcək və burada hər hansı başqa iddialardan söhbət gedə bilməz. Hesab edirəm ki, Tramp administrasiyasının Ermənistana göstərdiyi siyasi dəstək xarici təsirlərin neytrallaşdırılması baxımından mühüm amil ola bilər. Görünən odur ki, Vaşinqton bu məsələdə İrəvana dəstəyini ifadə edir. Azərbaycan da öz növbəsində bütün mümkün vasitələrlə prosesin irəliləməsinə töhfə verir. Türkiyə də layihənin əsas benefisiarlarından biridir və onun iştirakı TRIPP-in həyata keçirilməsinə yönələn xarici təsirlərin qarşısının alınması baxımından mühüm amil kimi nəzərdən keçirilə bilər. Nəticə etibarilə, Ermənistanda siyasi iradə davamlı olarsa, TRIPP layihəsinin reallaşdırılması istiqamətində praktiki addımların atılması mümkündür. Layihədə maraqlı olan tərəflərin mövcud potensialı isə xarici təsirlərin neytrallaşdırılması və prosesin irəliləməsi üçün imkanlar yaradır”.
Ayhan
19:25 19.11.2026
Oxunuş sayı: 37