Tbilisidə yaşayış binası uçub: Dağıntılar altında uşaqlar var
Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayışdan sonra dağıntılar altında qalan 3 yaşlı qız təxminən səkkiz saatlıq axtarışdan sonra sağ çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Netgazeti” nəşri məlumat yayıb.
Hadisə noyabrın 19-da şəhərin Kvemo-Poniçala ərazisində, Rustavi şosesi 16 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində binanın bir girişi çöküb. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub.
Xilasedicilər uşağı pəncərədən çıxararaq xəstəxanaya çatdırıblar. Onun huşunun özündə olduğu bildirilir. Uşağın xilas edilməsi ətrafdakı insanlar tərəfindən alqışlarla qarşılanıb.
Hadisədən sonra ümumilikdə dörd nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında bir uşaq da var. Azyaşlının qulaq nahiyəsindən xəsarət aldığı, lakin həkimlərlə əlaqəsinin qorunduğu qeyd edilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda dağıntılar altında daha altı nəfərin, o cümlədən iki uşağın qaldığı bildirilir. Xilasedicilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.
19:03 19.11.2026
Oxunuş sayı: 46