İran ABŞ-yə öz ərazisindən istifadə imkanı verən ölkələri hədələdi
İran ABŞ-nin öz ərazilərindən və hərbi bazalarından İrana qarşı hücumlar üçün istifadə etməsinə şərait yaradan qonşu ölkələri mümkün nəticələr barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin noyabrın 19-da yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Tehran region dövlətlərindən ABŞ-nin onların ərazilərindən, hərbi bazalarından və digər obyektlərindən İrana qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadəsinin qarşısını almağı tələb edir.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənub sahillərindəki obyektlərə son hücumlarını pisləyib. Bildirilib ki, İran Silahlı Qüvvələri cavab olaraq regiondakı iki hərbi bazada yerləşən ABŞ-yə məxsus “Patriot” hava hücumundan müdafiə sistemlərini, eləcə də pilotsuz uçuş aparatları və raketlərin buraxılış qurğularını hədəfə alıb.
Tehran hesab edir ki, ABŞ-nin hərbi əməliyyatları üçün region ölkələrinin ərazilərindən istifadə edilməsi beynəlxalq hüquq baxımından təcavüz aktı kimi qiymətləndirilə bilər və İrana həmin dövlətlərə qarşı müdafiə tədbirləri görmək hüququ verir.
Bəyanatda vurğulanıb ki, İran indiyədək qonşuluq münasibətlərini nəzərə alaraq təmkin nümayiş etdirib və yalnız həmin ölkələrdəki ABŞ hərbi bazalarını və hərbi obyektlərini hədəfə alıb.
İran Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və təşkilatın baş katibini də yaranmış vəziyyətlə bağlı məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
Tehran həmçinin xəbərdarlıq edib ki, İrana qarşı hər hansı yeni hücum və ya düşmənçilik addımı ölkənin silahlı qüvvələrinin qətiyyətli cavabı ilə qarşılaşacaq.
20:53 19.11.2026
Oxunuş sayı: 50