İki kişi, bir ürək, bir qadın – İnanılmaz həyat hekayəsi
ABŞ-də ürək transplantasiyası nəticəsində həyata qayıdan kişi donorunun həyat yoldaşı ilə evlənib və təxminən 13 il sonra donorla eyni səbəbdən həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə 2008-ci ildə geniş araşdırma dərc edib.
Hadisə 1995-ci ildə ABŞ-də baş verib. Ürək çatışmazlığından əziyyət çəkən Sonni Qrehemə 33 yaşında intihar nəticəsində həyatını itirən Terri Kottlun ürəyi köçürülüb.
Əməliyyatdan sonra sağlamlığı bərpa olunan Qrehem həyatını xilas edən donorun ailəsinə minnətdarlığını bildirmək qərarına gəlib. O, 1996-cı ildə donorun ailəsinə məktub göndərib.
1997-ci ilin yanvarında Qrehem donorun həyat yoldaşı Şeril Kottlla tanış olub. Sonradan aralarında romantik münasibət yaranıb.
Cütlük 2004-cü ildə ailə həyatı qurub. Beləliklə, Şeril əvvəlki həyat yoldaşının ürəyini daşıyan şəxslə evlənib.
Lakin hadisələr 2008-ci il aprelin 1-də faciəvi sonluqla nəticələnib. Həmin vaxt 69 yaşı olan Sonni Qrehem intihar edib.
Araşdırma zamanı onun da ürək donoru Terri Kottl kimi odlu silahla həyatına son qoyduğu müəyyənləşdirilib.
Hadisə beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Bəzi şəxslər ürək transplantasiyasından sonra donorun emosiyalarının və xatirələrinin başqa insana keçə biləcəyi barədə fərziyyələr irəli sürüblər.
Lakin elmi baxımdan köçürülən ürəyin donorun şəxsi xatirələrini, sevgi hisslərini və ya taleyini qəbul edən şəxsə ötürdüyünü təsdiqləyən etibarlı sübut yoxdur.
Mütəxəssislərin fikrincə, transplantasiyadan sonra insanın davranışında müşahidə olunan dəyişikliklər psixoloji vəziyyət, həyat şəraiti və digər tibbi amillərlə əlaqəli ola bilər.
Qeyd edək ki, hadisə yeni deyil. Sonni Qrehemin ölümü 2008-ci ildə qeydə alınıb və sonrakı illərdə müxtəlif ölkələrin mediasında yenidən gündəmə gətirilib.
13:55 14.11.2026
Oxunuş sayı: 52