İsveçrə 36 ölkəyə silah ixracına icazə verəcək
İsveçrə münaqişələrdə iştirak edən 36 tərəfdaş ölkəyə, o cümlədən ABŞ, Böyük Britaniya, Avstraliya, Argentina və Yaponiyaya silah ixracına icazə verməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi (SECO) noyabrın 29-da keçiriləcək silah və sursat ixracı ilə bağlı qanun dəyişikliklərinə dair referendumun izahında bu barədə məlumat yayıb.
Dəyişikliklər İsveçrənin qanunvericiliyində hərbi material hesab edilən məhsulların satışını əhatə edir. Bu kateqoriyaya silahlar, silah sistemləri, sursat, hərbi partlayıcı maddələr, eləcə də döyüş məqsədilə xüsusi hazırlanmış və ya dəyişdirilmiş avadanlıqlar daxildir.
Hazırda İsveçrə hərbi məhsullarının daxili və ya beynəlxalq münaqişələrdə iştirak edən ölkələrə ixracı qadağandır. Parlamentin 2025-ci ilin dekabrında qəbul etdiyi dəyişikliklər isə müəyyən tərəfdaş ölkələri bu qadağadan istisna edir.
Siyahıya Avropa İttifaqı və Avropa Azad Ticarət Assosiasiyasına üzv dövlətlərlə yanaşı, ABŞ, Böyük Britaniya, Avstraliya, Argentina və Yaponiya da daxildir. İsrail və Səudiyyə Ərəbistanı isə siyahıda yer almayıb.
Dəyişikliklərə əsasən, silah alan ölkələrdən hərbi məhsulları üçüncü tərəflərə ötürməyəcəklərinə dair öhdəlik hər dəfə tələb olunmayacaq. Belə bir bəyannamə yalnız xarici siyasət, təhlükəsizlik və ya neytrallıq baxımından zəruri hesab edilən hallarda istəniləcək.
Qanun dəyişikliklərinə sol partiyaların, həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının birləşdiyi alyans qarşı çıxıb. Onlar referendum keçirilməsi üçün lazımi imzaları toplayıblar.
Dəyişikliklərin əleyhdarları bildirirlər ki, yeni qaydalara baxmayaraq, İsveçrədən silah tədarükü istəyən Ukrayna yenə də bu imkanlardan yararlana bilməyəcək.
13:09 14.11.2026
Oxunuş sayı: 44