“Chrome”u itirməmək üçün “Google” və “Linux” arasında böyük əməkdaşlıq
“Google” və “Linux Foundation”, açıq mənbəli brauzer ekosistemini inkişaf etdirmək məqsədilə mühüm bir əməkdaşlığa imza atıb.
“Linux Foundation” tərəfindən elan edilən bu əməkdaşlıq, sahənin liderlərini, tərtibatçılarını və akademikləri bir araya gətirərək “Chromium” ekosistemini yaxşılaşdırmağı hədəfləyir. “Google”un 2008-ci ildə başladığı və açıq mənbə kimi təqdim etdiyi “The Chromium project” , “Chrome” kimi populyar brauzerlərin əsasını təşkil edir. İndiyə qədər bu proyektə edilən töhfələrin 94%-i “Google”a aid olsa da, bu yeni təşəbbüs, proyektin maliyyə və idarəetmə yükünü daha geniş bir iştirakçı bazasına yaymağı planlaşdırır.
“Linux Foundation” bu əməkdaşlıqla “Chromium Proyekti”nin mövcud idarəetmə strukturunu qoruyaraq yeni bir təşəbbüsü idarə edəcək. Bu təşəbbüs, “Chromium”un böyüməsi və davamlılığı üçün tərəfsiz bir platform təmin etməyi nəzərdə tutur.
“Google”, bu təşəbbüsün əhəmiyyətini vurğulayaraq, hər il proyektə yüz milyonlarla dollar sərmayə yatırdığını açıqlayıb. Şirkət, layihəni dəstəkləyəcək digər texnologiya nəhənglərinin töhfələrini də alqışlayır. “Google” yalnız maliyyə dəstəyi ilə kifayətlənməyərək, layihənin uzunmüddətli davamlılığı üçün həllər axtarmağı da hədəfləyir.
Bu əməkdaşlıq, eyni zamanda ABŞ hökumətinin “Google”a qarşı tətbiq etdiyi antitrest tədbirləri çərçivəsində “Chrome” brauzerini ayırma təşəbbüslərinə təsadüf edir. “Google”un brauzer bazarında təxminən 90%-lik paya sahib olması, şirkətin bu mövzuda ciddi təzyiq altında olduğunu göstərir.
Nərgiz Camalzadə
08:33 10.01.2025
Oxunuş sayı: 3774