Samsung-dan ikiölçülü obyektləri üçüncü ölçüyə daşıyan texnologiya
Samsung Display, CES 2025 sərgisində əyilə bilən, bükülə bilən və hətta şişə bilən bir ekran texnologiyası ilə ziyarətçiləri heyrətləndirdi. Bu yeni texnologiya, ekranın mərkəzindən xaricə doğru bir günbəz kimi şişərək ikiölçülü görüntüləri üçüncü ölçüyə daşıyır. Hələ konsept mərhələsində olsa da, bu texnologiya gələcəkdə taxıla bilən cihazlardan avtomobil informasiya-əyləncə sistemlərinə qədər bir çox sahədə inqilab yaratma potensialına malikdir.
Samsung, əyilə bilən ekran texnologiyasının iki fərqli nümayişini təqdim etdi. Onlardan birində Las Veqasda yerləşən Sphere məkanı, digərində isə şüşədən çölə çıxacaqmış kimi görünən bir köpəkbalığı animasiyası nümayiş olundu. İlk baxışda 3D effekti tam olaraq fərq edilməsə də, yaxın məsafədən baxıldıqda Sphere-in ekrandan bir qədər xaricə çıxdığı və dərinlik hissi yaratdığı görünür. Köpəkbalığı nümunəsində isə, ekranın hərəkəti səhnəni daha dramatik edir. Ekranın şişkinliyi xüsusilə yandan baxıldıqda daha aydın görünür.
Samsung, bu elastik ekranın nə zaman ticarət məhsuluna çevriləcəyi barədə bir açıqlama verməsə də, bəzi mümkün istifadə sahələrinə diqqət çəkib.
Məsələn, taxıla bilən cihazlarda interaktiv 3D saat siferblatları və ya avtomobil naviqasiya sistemlərində 3D xəritələr istifadə edilə bilər. Təqdim olunan nümunələr göstərir ki, bu texnologiya animasiyalar və istifadəçi interfeysi effektləri üçün olduqca əlverişlidir. Bu isə o deməkdir ki, gələcəkdə bu texnologiya ilə çox daha inkişaf etmiş interfeyslərlə qarşılaşa bilərik.
Nərgiz Camalzadə
20:20 07.01.2025
Oxunuş sayı: 3082