Lüksemburqda soydaşlarımızın təhsil və yaradıcılıq imkanları genişlənir
Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz) təşəbbüsü ilə yaradılan LuxAz Mərkəzində yeni tədris ili başlayıb. Yeni mövsümdə həm uşaqlar, həm də böyüklər üçün dil, təhsil və incəsənət sahələrini əhatə edən müxtəlif proqramlara start verilib.
Lüksemburqda yaşayan balaca soydaşlarımızın ana dilində danışıq, oxu və özünüifadə bacarıqlarını təkmilləşdirmək, onlara milli mədəniyyətimiz, dəyərlərimiz və ənənələrimiz haqqında biliklər aşılamaq məqsədilə 6-12 yaşlı uşaqlar üçün Azərbaycan dili dərsləri keçirilir. Həftədə bir dəfə, çərşənbə axşamı günləri təşkil olunan dərslərin müddəti bir saatdır. Dərsləri fəlsəfə doktoru Sevinc Ömərli tədris edir. Hazırda proqrama 6 uşaq qeydiyyatdan keçib.
Yeni tədris mövsümünün əsas yeniliklərindən biri də LuxAz-ın nəzdində “Xarıbülbül” uşaq rəqs qrupunun yaradılmasıdır. Qrupa 6-12 yaşlı 10 qız qoşulub. Məşqlər peşəkar rəqqas, xoreoqrafiya təhsilli Arzu Süleymanovanın rəhbərliyi ilə həftədə bir dəfə, şənbə günləri keçirilir. Qrupun yaradılmasında məqsəd Azərbaycan milli rəqslərini və mədəni irsini Lüksemburqda böyüyən yeni nəslə tanıtmaq, milli rəqs ənənələrimizi yaşatmaq və daha geniş auditoriyaya çatdırmaqdır. Hazırda “Xarıbülbül” uşaq rəqs qrupu Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan iki tədbirdə iştirak etməyə hazırlaşır.
Bundan əlavə, mərkəzdə böyüklər üçün Lüksemburq dili dərslərinə də start verilib. 16 nəfərlik qrup üçün keçirilən dərsləri “Aurelux” şirkətinin təsisçisi, Lüksemburq dili müəllimi Aurelie Vaqener tədris edir. Həftədə bir dəfə, cümə günləri iki saat təşkil olunan dərslər iştirakçıların gündəlik ünsiyyət bacarıqlarını inkişaf etdirməyə və ölkənin dil mühitinə daha yaxından uyğunlaşmalarına dəstək verməyə yönəlib.
Mərkəzdə, həmçinin fransız dili dərsləri də başlayıb və proqram üzrə 15 nəfərlik qrup formalaşdırılıb. Dərslər Lüksemburqda akkreditasiyadan keçən fransız dili müəllimi Arzu Süleymanovanın rəhbərliyi ilə bazar ertəsi və çərşənbə günləri keçirilir.
LuxAz Mərkəzində uşaqlar üçün rəsm dərsləri də davam etdirilir. Rəssam-pedaqoq Aynur Qasımovanın rəhbərliyi ilə şənbə günləri keçirilən və bir saat davam edən məşğələlərə artıq 10-dan çox uşaq qeydiyyatdan keçib. Proqram uşaqların yaradıcılıq qabiliyyətlərini və təxəyyüllərini inkişaf etdirməklə yanaşı, incəsənət vasitəsilə özünüifadə bacarıqlarını da gücləndirir.
LuxAz Mərkəzində həyata keçirilən proqramlar Lüksemburqda yaşayan Azərbaycan icması üçün davamlı təhsil və mədəniyyət mühitinin formalaşdırılmasına, uşaqların ana dilimizə və milli-mədəni irsimizə bağlılığının qorunmasına, eləcə də icma üzvlərinin Lüksemburq cəmiyyətinə inteqrasiyasına töhfə verir.
Qeyd edək ki, LuxAz Mərkəzi Lüksemburq şəhərinin Grand-Rue küçəsi - 30, L 1660 ünvanında yerləşir.
15:01 14.10.2026
Oxunuş sayı: 60