Korrupsiyanı xəbər verənlərin kimliyi gizli saxlanılacaq
Korrupsiya barədə məlumat verən şəxs kimliyinin açıqlanmasını istəmədikdə onun haqqında məlumatların məxfiliyi təmin edilməlidir.
Crossmedia.az xəbər verir ki, bu tələb Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan yeni qanun layihəsində nəzərdə tutulur.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihəyə görə, şəxs barədə məlumatın açıqlanması üçün onun yazılı razılığı tələb olunacaq.
Şəxsiyyəti müəyyənləşdirməyə imkan verən məlumatlar bu razılıq olmadan yalnız layihədə göstərilən səlahiyyətli subyektlərə və mükafatın rəsmiləşdirilməsi, ödənilməsi üzrə tədbirləri təmin edən şəxslərə verilə biləcək.
Həmin məlumatların araşdırmanın nəticəsində birbaşa və ya dolayı marağı olan şəxslərə verilməsi qadağan ediləcək.
Dövlət və bələdiyyə qurumları, layihədə göstərilən dövlət və bələdiyyə şirkətləri, publik hüquqi şəxslər, büdcə təşkilatları, həmçinin azı 50 işçisi olan digər hüquqi şəxslər məxfiliyi və anonimliyi təmin edən elektron kommunikasiya kanalı yaratmalı olacaqlar.
Bilərəkdən yalan və ya böhtan xarakterli məlumat verənlər üçün məxfiliyin qorunması təminatı nəzərdə tutulmur.
15:27 06.10.2026
Oxunuş sayı: 53