Azərbaycan və Rusiya arasında bu məsələlər müzakirə edildi
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, görüş zamanı ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlıq, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika məsələləri nəzərdən keçirilib.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xüsusi diqqət Azərbaycan və Rusiya arasında nəqliyyat əlaqələrinin inkişafına, yükdaşımaların genişləndirilməsinə, həmçinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindən daha səmərəli istifadəyə yönəldilib.
Bundan əlavə, Şahin Mustafayev və Aleksey Overçuk dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasında qəbul edilmiş qərarların icra vəziyyətini müzakirə ediblər.
Tərəflər Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
09:29 06.10.2026
Oxunuş sayı: 58