Səudiyyə Ərəbistanı husilərə qarşı böyük hücuma hazırlaşır
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı bir neçə həftə ərzində başlaya biləcək yeni hərbi əməliyyat hazırlayır. Əsas məqsəd Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirmək və Qırmızı dənizdə gəmiçiliyi bərpa etməkdir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Əməliyyat çərçivəsində Səudiyyə Ərəbistanının hava qüvvələrinin dəstəyi ilə 100 mindən çox yəmənli hərbçinin səfərbər edilməsi nəzərdən keçirilir. Ər-Riyad iki ssenarini qiymətləndirir: sahilboyu məhdud hücum və ya Yəmənin bir neçə istiqamətində genişmiqyaslı hərbi əməliyyat.
Məlumata görə, ABŞ kəşfiyyat məlumatları və hərbi məsləhətçilərlə dəstək göstərir. Bununla belə, Vaşinqtonun döyüş əməliyyatlarında birbaşa iştirak etməyəcəyi gözlənilir.
Pakistan isə husilərin raket və pilotsuz uçuş aparatları ilə mümkün hücumlarından Səudiyyə Ərəbistanının müdafiəsinə kömək etmək üçün ölkədə 30-40 min hərbçi yerləşdirib.
Ər-Riyad hesab edir ki, husilər Bab əl-Məndəb boğazına nəzarəti saxladığı müddətdə sülh danışıqlarını bərpa etmək mümkün olmayacaq.
23:12 02.10.2026
Oxunuş sayı: 39