Qətər Avropa və Asiyaya LNG tədarükünü dayandırıb
Qətərin dövlət enerji şirkəti QatarEnergy Avropa və Asiyadakı alıcılara mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı fors-major rejimini uzadıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, qərara Hörmüz boğazında gəmiçiliklə bağlı davam edən problemlər səbəb olub. Pakistan və Banqladeşə tədarükün noyabr ayına qədər məhdudlaşdırılacağı barədə bildiriş göndərilib.
İtaliyanın enerji şirkəti Edison da Qətərdən tədarükün dekabrın əvvəlinə qədər dayandırıldığını təsdiqləyib. Ən azı bir Hindistan idxalçısına da analoji bildiriş göndərilib.
“Bloomberg”in məlumatına görə, Qətərin tətbiq etdiyi məhdudiyyətlər Avropa İttifaqı ölkələrinin yeraltı qaz anbarlarını planlaşdırılan müddətdə doldurmasına mane ola bilər.
Qeyd olunur ki, bu, QatarEnergy-nin oxşar qərarlarının ilk nümunəsi deyil. ABŞ-İran müharibəsinin başlamasından sonra şirkət təxminən ayda bir dəfə fors-major rejimini yeniləyir və müqavilə üzrə nəzərdə tutulan tədarükləri ləğv edir. Məhdudiyyətlərdən təsirlənən yüklərin ümumi sayı 29-a çatıb. Bu, təxminən 3,8 milyard kubmetr qaza bərabərdir.
Bunun əsas səbəbi Hörmüz boğazındakı vəziyyət olaraq qalır. İran boğazın açılması ilə bağlı şərtləri yumşaltmaq niyyətində deyil, ABŞ-la danışıqlar isə nəticə verməyib. Daha əvvəl dünya üzrə LNG tədarükünün təxminən beşdə biri bu boğazdan keçib. Qətərin isə qaz ixracı üçün alternativ marşrutları məhduddur.
Qətərin istehsal gücləri də tam bərpa olunmayıb. Mart ayında Ras-Laffan zavoduna hücum nəticəsində ölkənin ixrac gücünün təxminən 17 faizi sıradan çıxıb. Zədələnmiş istehsal xətlərinin tam bərpasının üç ildən beş ilədək vaxt apara biləcəyi bildirilir.
Daha əvvəl Kətərin ABŞ-dan qaz almağı planlaşdırdığı barədə məlumat yayılmışdı.
15:52 28.09.2026
Oxunuş sayı: 41