Azərbaycan BMT-nin cinayətkarlıqla mübarizə konqresində təmsil olunur
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə 15-ci Konqresi keçirilir.
Bu barədə Crossmedia.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 26-dan oktyabrın 1-dək davam edəcək beynəlxalq tədbir "Cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi və hüququn aliliyinin sürətləndirilməsi: rəqəmsal dövrdə insanların və planetimizin qorunması və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə nail olunması" mövzusuna həsr olunub.
Konqresdə Azərbaycanı ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində Ədliyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Baş Prokurorluğun, Xarici Kəşfiyyat Xidmətinin və digər qurumların nümayəndələri yer alıb.
Fərid Əhmədov Konqresin yüksək səviyyəli sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edib.
Nazir çıxışı zamanı Azərbaycanda cinayətkarlıqla mübarizə, ədliyyə sisteminin rəqəmsallaşdırılması, penitensiar islahatlar və beynəlxalq əməkdaşlıq istiqamətlərində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda elektron məhkəmə, elektron icra, rəqəmsal dövlət xidmətləri və hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsi sistemləri inkişaf etdirilir. Videokonfrans imkanlarının bütün məhkəmələrdə tətbiqi beynəlxalq hüquqi yardımın göstərilməsində də səmərəli nəticələr verir.
Fərid Əhmədov beynəlxalq əməkdaşlığın cinayətkarlığın müasir çağırışlarına qarşı mübarizədə mühüm rol oynadığını vurğulayaraq ekstradisiya, qarşılıqlı hüquqi yardım sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Konqres çərçivəsində dünyada cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi üzrə əlavə tədbirləri müəyyən edən Əbu-Dabi Bəyannaməsi qəbul edilib.
Qeyd edək ki, 1955-ci ildən etibarən hər beş ildən bir keçirilən BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə Konqresi cinayətkarlıq və cinayət ədliyyəsi məsələləri üzrə beynəlxalq təcrübə və fikir mübadiləsi üçün əsas qlobal platformalardan biridir.
12:20 28.09.2026
Oxunuş sayı: 36