Rusiyada gecə hücumları: iri zavodlar hədəfdə
Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bir neçə bölgəsində iri sənaye müəssisələrinə hücum etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Exilenova+” və “Supernova” monitorinq kanalları məlumat yayıb. Bildirilib ki, dronlar “Almaz-Antey” müdafiə holdinqinin strukturuna daxil olan Ulyanovskdakı “İskra” zavoduna hücum edib. Monitorinq kanalları həmçinin Ulyanovskda beşmərtəbəli yaşayış binasına zərbə endirildiyini göstərən görüntülər yayıb. Vilayət qubernatoru Aleksey Russkixin sözlərinə görə, hücum nəticəsində sənaye və mülki infrastruktura ziyan dəyib. Hadisə zamanı 8 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Perm sakinləri isə şəhər yaxınlığındakı “Lukoyl-Permnefteorqsintez” neft emalı zavoduna hücumun görüntülərini kütləvi şəkildə yayıblar. Perm vilayətinin qubernatoru Dmitri Maxonin sənaye obyektinə hücumu təsdiqləyib və xəsarət alan olmadığını bildirib. “Perm 36,6” kanalı şəhərdə məktəb və ali təhsil müəssisələrində dərslərin bir hissəsinin ləğv edildiyini açıqlayıb.
Rostov vilayətinin qubernatoru isə Novoşaxtinsk neft məhsulları zavodunun zədələndiyini bildirib. Məlumata görə, hücumdan sonra müəssisənin fəaliyyəti dayandırılıb.
Voronejdə isə “Sibur” holdinqinə daxil olan “VoronejSintezKauçuk” zavodunun dron hücumuna məruz qaldığı bildirilib. Monitorinq kanallarının məlumatına görə, vilayət qubernatoru Aleksandr Qusev Voronejə zərbələr endirildiyini təsdiqləyib. O, şəhərdə dəymiş ziyanın dəqiqləşdirildiyini bildirib.
14:39 25.09.2026
Oxunuş sayı: 43