RIA Novosti Litva ilə müharibədən bəhs edən yazını silib
Rusiyanın dövlət xəbər agentliyi RIA Novosti Litva ilə mümkün hərbi qarşıdurmanı müzakirə edən müəllif yazısını dərc etdikdən bir neçə saat sonra saytından silib.
Crossmedia.az xəbər verir ki, Aleksandr Nosoviçin müəllifi olduğu yazı “Rusiyanı daha bir xüsusi hərbi əməliyyat gözləyir. O, çox qısa olacaq” başlığı ilə yayımlanıb. Məqalədə mümkün Rusiya-Litva qarşıdurmasının Ukraynadakı müharibədən daha qısa ola biləcəyi barədə müəllifin fikirləri yer alıb və raket zərbələri, o cümlədən nüvə başlıqlarının mümkün istifadəsi ssenarisi müzakirə edilib.
Yazının dərcinə Litvada nüvə silahlarının yerləşdirilməsini qadağan edən konstitusiya müddəasının çıxarılması istiqamətində aparılan dəyişikliklər fon yaradıb. Bununla belə, dəyişiklik hələ yekun qəbul edilməyib. Sentyabrın 22-də Litva Seymi layihəni müzakirədən sonra 99 səslə dəstəkləyib, lakin Konstitusiya dəyişikliyinin qüvvəyə minməsi üçün parlamentdə iki ayrıca səsvermə tələb olunur. İlk səsvermənin oktyabrın 6-da, yekun səsvermənin isə 2027-ci ilin yanvarında keçirilməsi planlaşdırılır.
RIA Novosti yazını sonradan saytından silib. Açıq mənbələrdə materialın silinməsinin səbəbi barədə agentliyin rəsmi izahına rast gəlinmir. Müxtəlif media qurumları yazının dərcdən bir neçə saat sonra əlçatmaz olduğunu bildiriblər.
Qeyd edək ki, Litva NATO üzvüdür və son dövrdə Rusiya və Belarusla sərhəd təhlükəsizliyini gücləndirir. ABŞ da Litvada hərbi kontingentinin növbəti rotasiyasını göndərdiyini açıqlayıb.
14:00 25.09.2026
Oxunuş sayı: 39