ABŞ Hörmüzdə İran dronlarına qarşı lazer silahlarından istifadə edir
ABŞ ordusunun Hörmüz boğazı bölgəsində pilotsuz uçuş aparatları və digər hava təhdidlərinə qarşı yüksək enerjili lazer sistemlərindən istifadə etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “New York Post”un məlumatına görə, ABŞ hərbi qüvvələri lazer silahlarının döyüş şəraitində istifadəsini genişləndirir və bu istiqamətdə təxminən 500 milyon dollarlıq yeni istehsal və təchizat proqramları həyata keçirilir. Nəşr lazer sistemlərinin Hörmüz boğazında dron və qanadlı raketlərə qarşı istifadə edildiyini yazır.
Directed Energy Consultants şirkətinin rəhbəri Mark Neice bildirib ki, müasir lazer sistemləri pilotsuz uçuş aparatını dəqiq izləyərək şüanı konkret nöqtəyə yönəldə bilir. Bu yolla dronun sensorlarını sıradan çıxarmaq və ya aparatın özünü məhv etmək mümkündür.
Lazer şüası hədəfin səthini bir neçə saniyə ərzində yüksək temperaturadək qızdırır. Nəticədə aparatın kritik komponentləri əriyə və ya sıradan çıxa bilər. Belə sistemlərin üstünlüklərindən biri hər atışın ənənəvi raketlərlə müqayisədə xeyli ucuz başa gəlməsidir. Bununla belə, lazerlərin effektivliyi hava şəraitindən, enerji təchizatından və eyni anda çoxsaylı dron hücumlarına qarşı imkanlarından asılıdır.
ABŞ ordusunun lazer sistemlərindən Meksika ilə cənub sərhədində istifadə etdiyi isə rəsmi şəkildə təsdiqlənib. ABŞ Şimal Komandanlığının məlumatına görə, avqustda yüksək enerjili lazerlə üç pilotsuz aparat zərərsizləşdirilib. CBS News isə ilin əvvəlindən kartellərlə əlaqəli hesab edilən yüzlərlə dronun qarşısının alındığını, onlardan ən azı 11-nin lazer vasitəsilə vurulduğunu bildirib.
Bəzi sistemlərin idarə edilməsində modifikasiya edilmiş “Xbox” tipli kontrollerlərdən istifadə olunduğu da bildirilir. Bu, operatorların artıq geniş yayılmış və tanış idarəetmə interfeysindən istifadə etməsinə imkan verir.
13:54 25.09.2026
Oxunuş sayı: 37