Arıqlama iynələrindən istifadənin təhlükələri ilə bağlı yeni araşdırma aparılıb
GLP-1 qrupuna daxil olan arıqlama dərmanlarından istifadənin sürətlə artması və bu preparatların tibbi göstəriş olmadan qəbul edilməsi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
ABŞ-də 2021-2025-ci illər üzrə elektron tibbi qeydləri araşdıran alimlər 92 milyon 415 min 648 yetkin şəxsin məlumatlarını təhlil edib. Araşdırma nəticəsində 1 milyon 133 min 953 nəfərə tibbi qeydlərdə açıq istifadə səbəbi göstərilmədən GLP-1 dərmanlarının təyin olunduğu müəyyənləşdirilib. Bu qrupda preparatlardan istifadə səviyyəsinin cəmi dörd il ərzində 15 dəfə artdığı bildirilib.
“Obesity” jurnalında sentyabrın 22-də dərc olunan araşdırmaya görə, tibbi göstərişi qeydə alınmayan istifadəçilərin 35,1 faizinin bədən kütlə indeksi normal diapazonda olub. Bu şəxslərdə orta BKİ 25,9, müqayisə qrupunda isə 24,5 təşkil edib. GLP-1 istifadəçilərinin 85,5 faizinin qadın olması da diqqət çəkib.
Mütəxəssislər bildirirlər ki, bu preparatların yalnız bir neçə kiloqram arıqlamaq və daha incə görünmək məqsədilə, xüsusilə həkim nəzarəti olmadan istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Dərmanların iştaha və mədə boşalmasına təsir etdiyi, nəzarətsiz istifadənin isə qidalanma pozuntuları, əzələ itkisi və digər fəsadlarla nəticələnə biləcəyi qeyd olunur.
Daxili xəstəliklər üzrə mütəxəssislər bu preparatların həkim nəzarəti altında istifadə edilməsinin vacibliyini vurğulayırlar. Onların sözlərinə görə, sağlam çəki itkisində əsas məqsəd yalnız tərəzidə rəqəmin azalması deyil, əzələ kütləsinin və sağlam qidalanma vərdişlərinin qorunmasıdır.
03:25 25.09.2026
Oxunuş sayı: 61