Türk dövlətləri vətəndaşlarının vahid şəxsiyyət vəsiqəsi olacaq
Hazırda Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərləri şəxsiyyət vəsiqəsi ilə həyata keçirilə bilir. Bu imkan iki ölkə arasında gediş-gəlişi asanlaşdırmaqla yanaşı, insanlar arasındakı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini müşahidə edirik. Prezident İlham Əliyevin Özbəkistana son səfəri də Azərbaycanla digər türk dövlətləri arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. TDT çərçivəsində inteqrasiyanın dərinləşdiyi nəzərə alınaraq, Azərbaycan-Türkiyə modelində olduğu kimi, digər üzv ölkələrin vətəndaşlarının da şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin edilməsi məsələsi diqqət çəkir.

Mövzu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Türk Dövlətləri Təşkilatı məhz üzv dövlətlər arasında əlaqələrin və gediş-gəlişin daha da asanlaşdırılması məqsədi daşıyır: “Əlbəttə, bu birlik – Türk Dövlətləri Təşkilatı elə ona görə yaranıb ki, bütün bu məsələlər sadələşdirilsin, respublikalar və dövlətlər bir-birinə yaxınlaşsın. Bütün sahələrdə bu addımlar atılmalıdır. Bəlkə zaman gələcək, ümumi pasport olacaq, bəlkə şəxsiyyət vəsiqələri bütün respublikalar üçün vahid formada tətbiq olunacaq. Hələ ki, hər dövlətin öz qanunları və vətəndaşlarına verdiyi öz şəxsiyyət vəsiqəsi var. Bu, mübahisə mövzusu ola bilməz. Əsas odur ki, biz Türk Dövlətləri Təşkilatının bütün ərazisində şəxsiyyət vəsiqəsi ilə rahat gediş-gəlişə nail ola bilək. Türkiyə ilə bu sistem artıq çox sadələşdirilib və heç bir problem yaratmır. Məncə, Özbəkistanla da münasibətlərimiz çox yaxşıdır və yaxın vaxtlarda eyni qayda tətbiq olunacaq. Qazaxıstan, Qırğızıstan – bir sözlə, hər biri ilə ən yaxın vaxtlarda şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin mümkün olacağı görünür”.
Zərnigar Hüseynli
16:30 27.08.2026
Oxunuş sayı: 58