Azərbaycanda “rəqəmsal səyyah” vizası təsis edilir
Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ölkədə yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi nəzərdə tutulub. Proqrama əsasən, bu istiqamətdə 2027–2028-ci illərdə miqrasiya qanunvericiliyinə dəyişikliklərin edilməsi və yeni viza altnövünün tətbiqi planlaşdırılır. Dünyada geniş yayılan bu model uzaqdan işləyən və fəaliyyətini rəqəmsal şəkildə həyata keçirən şəxslərin müəyyən müddət ərzində başqa ölkədə yaşamasına və işləməsinə imkan verir. Belə bir sistemin Azərbaycanda tətbiqi isə yalnız turizm axınının artırılması baxımından deyil, ölkəyə əlavə valyuta daxilolmalarının təmin edilməsi, xidmət sektorunun canlandırılması və yeni iqtisadi imkanların yaradılması baxımından da əhəmiyyətli hesab olunur. Bəs “rəqəmsal səyyah” vizasının tətbiqi Azərbaycanın turizm sektoruna və ümumilikdə iqtisadiyyatına hansı təsirləri göstərə bilər? Bu sistem ölkəyə əlavə turist axını və valyuta daxilolmaları baxımından nə vəd edir?
Mövzu ilə bağlı Milli Məclisin
deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, rəqəmsal səyyah
viza altmodelinin tətbiq edilməsi turizmin inkişafı baxımından vacibdir, eyni
zamanda nəzərə almaq lazımdır ki, “crowdfunding”in inkişafını sistemləşdirən
amillərdən biridir. Belə ki, Azərbaycanda “crowdfunding” haqqında qanunda eyni
zamanda rəqəmsal səyyahların dəstəklənməsi və bu istiqamətdə qanunvericilik vəzifələri
müəyyənləşdirildikdən sonra real addımların atılması nəzərdə tutulub. Bu da öz
növbəsində, təbii ki, ölkəyə gələn turistlərin sayının artmasına və ölkəyə daha
çox valyutanın daxil olmasına imkan yaradacaq. Nəzərə alsaq ki, turizm sektoru
Azərbaycanda neft-qaz sahəsindən sonra ölkəyə ən çox gəlir gətirən sektorlardan
biridir, bu kontekstdə turizmin inkişaf etdirilməsi, bir tərəfdən, Azərbaycana
daha çox turistin gəlməsinə, eyni zamanda ölkəyə daxil olan valyutanın məbləğinin
artmasına imkan yaradacaq”.

Deputat qeyd edib ki, xüsusilə son Dövlət Turizm Proqramında turizmin dəstəklənməsi və Cənab Prezident tərəfindən imzalanmış Dövlət Proqramından sonra həm subsidiya, həm də digər alət və mexanizmlərdən istifadə etməklə gəlmə turizminin stimullaşdırılması nəzərdə tutulub: “Bu, təbii ki, rəqəmsal səyyahlar daxil olmaqla, artıq yeni mərhələdə Azərbaycana daha çox turistin gəlməsinə və Azərbaycanın turizm gəlirlərinin artmasına imkan yaradacaq”.
Ayhan
20:00 21.08.2026
Oxunuş sayı: 55