Ermənistanda hakimiyyətin mənbəyi ya Vaşinqtondur, ya da Moskva- RƏY
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Başkənd məsələsinin həlli variantlarından birinin ərazi mübadiləsi ola biləcəyini bildirib. O qeyd edib ki, Ermənistan və Azərbaycan üçün əsas məqsəd gələcək nəsillərin bu problemlərlə üzləşməməsidir və bu baxımdan delimitasiya prosesi çərçivəsində məsələlərin həlli vacibdir. Paşinyanın sözlərinə görə, Ermənistan üçün bu məsələ artıq gərginlik mənbəyi deyil və ölkənin təhlükəsizlik və inkişaf prioritetləri çərçivəsində kadastr sənədləri ilə təsdiqlənmiş sabit bir dövlətin formalaşdırılması hədəflənir.
Paşinyanın Başkəndlə bağlı səsləndirdiyi fikirləri barədə Crossmedia.az-a danışan politoloq Azad Məsiyev Ermənistanda qızğın seçki təbliğatı getdiyini və hakimiyyətin mənbəyinin xalq olmadığın vurğulayıb:

"Ermənistanda hakimiyyətin mənbəyi böyük güclərdir. İyunun 7-si keçiriləcək seçki prosesində kim güclüdürsə, o da hakimiyyəti formalaşdıracaq. Yəni, Ermənistanda hakimiyyətin mənbəyi ya Vaşinqtondur, ya da Moskvadır. Ermənistanda demokratik seçki keçiriləcəyi deyilir, amma əslində belə olmayacaq. Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil. Sadəcə, kütləyə kimin təsiri çox olacaqsa, kim özünü daha güclü nümayiş etdirəcəksə, məsələ də onun iradəsi ilə həll olunacaqdır. Bu gün Paşinyan kütlə qarşısına çıxaraq, kütləni öz təsirində saxlamaq üçün çıxışlar edir. Yəni, ərazi, Başkənd məsələsini də gündəmə gətirməklə kütləni öz maraq dairəsində idarə etmək istəyir. Məsələ burasındadır ki, Ermənistan-Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesi hansı xəritə ilə aparılacaq? Bu, hələ dəqiqləşməyib.
Ümumiyyətlə, müxtəlif fikirlər, müxtəlif nəzəriyyələr var. Çünki Ermənistan dövləti yaradılarkən Ermənistanın ərazisi 9 min kvadratkilometr olub. Sonra bolşeviklər Azərbaycan xalqının iradəsindən kənar olaraq torpaqları Ermənistana verərək, bu gün onu 29 min kvadratkilometr əraziyə sahib ediblər. Əgər biz 1920-ci ilin xəritəsini əsas götürürüksə, Ermənistan öz müstəqilliyini bəyan edəndə həmin ilin xəritəsi ilə tanınıb. O cümlədən də Azərbaycan. Biz Konstitusiyada açıq demişik ki, Azərbaycan dövləti 1920-ci il dövlətinin varisidir".
A.Məsiyevin sözlərinə görə, varislik prinsipini gündəmə gətiririksə, biz 1920-ci ilin ərazisini də gündəmdə saxlamalıyıq:
"Əgər 1920-ci ilin xəritəsi ilə sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesi gedəcəksə, istər Başkənd olsun, istər Göyçə olsun, istərsə də Zəngəzur olsun, bu torpaqlar Azərbaycanın qədim torpaqlarıdır. Biz Azərbaycan xalqı olaraq bu torpaqları unutmuruq. Qərbi Azərbaycan İcması geri qayıdış proqramını gündəmə gətirir və bunu gündəmdə də saxlayır. Bu prosesi də beynəlxalq hüquq müstəvisində həll etmək istəyir. Sadəcə, Paşinyan Başkəndi Azərbaycanın torpağı olan bir ərazi kimi deyil, öz ərazisi kimi cəmiyyətə təqdim etməklə, onu guya hansısa torpaqla mübadilə etməyi razılaşdıracağını düşünür və bunu da kütləni öz təsirində saxlamaq üçün bəyan edir".
Siyasi şərhçi hesab edir ki, sərhədlərin müəyyən edilməsi və dəqiqləşdirilməsi prosesinin hansı xəritə ilə keçiriləcəyi dəqiqləşdirilməlidir:
"Hələ bu proses sual altındadır. Hətta Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Ermənistan xalqı referendum keçirib və bu iddiadan əl çəkməyib.
Belə olan təqdirdə, Paşinyanın bu cür çıxışları sadəcə kütləni öz təsirində saxlamaq üçün deyilmiş fikirlərdir".
Fatimə Məmmədova
19:00 04.06.2026
Oxunuş sayı: 106