Yunanıstan İtaliya ilə yeni hərbi saziş bağladı
Yunanıstan İtaliyadan təxminən 460 milyon avroya iki işlənmiş FREMM freqatı alacaq.
Crossmedia.az xəbər verir ki, “Defense News” bu barədə məlumat yayıb.
Söhbət 2013-cü ildə istismara verilmiş “Carlo Bergamini” və “Virginio Fasan” freqatlarından gedir. Gəmilərin Yunanıstana müvafiq olaraq 2028 və 2029-cu illərdə təhvil verilməsi planlaşdırılır.
FREMM freqatları “Aster 15/30” raketləri və aktiv fazalı antena qəfəsinə malik radiolokasiya sistemləri ilə təchiz olunub. Gəmilərdən birində sualtı qayıqlara qarşı mübarizə üçün yedəkli hidroakustik sistem də mövcuddur.
Yunanıstan İtaliyanın gəmi əleyhinə raketlərini öz arsenalındakı “Exocet” və ya “Harpoon” raketləri ilə əvəz etməyi planlaşdırır.
Razılaşma “2+2” sxemi üzrə hazırlanıb. Tərəflər artıq daha iki freqatın alınması ilə bağlı danışıqlar aparırlar.
İtaliya isə sözügedən gəmiləri daha yeni FREMM EVO tipli freqatlarla əvəz edir.
21:32 08.09.2026
Oxunuş sayı: 45