Süni intellekt böhranda - Şəxsi məlumatlar oğurlana bilər
Süni intellekt şirkətlərinin iflası milyonlarla istifadəçinin şəxsi yazışmalarının və məxfi məlumatlarının naməlum şəxslərin əlinə keçməsinə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, "BBC Future" bu barədə məlumat yayıb.
Məqalədə qeyd olunur ki, süni intellekt sektorunda mümkün maliyyə böhranı bir çox şirkətin bağlanmasına və ya birləşməsinə gətirib çıxara bilər. Belə olan halda, istifadəçilərin çatbotlarla paylaşdığı məlumatlar iflas prosesində digər şirkətlərə və ya alıcılara satıla bilər.
Bu riskin nümunələrindən biri Character.ai şirkətidir. Şirkət iflas prosesində bəzi aktivlərini “Disney”ə 20 milyon dollara satmaq barədə razılığa gəlib. Lakin istifadəçi məlumatları bu razılaşmaya daxil edilməyib. Məhkəmə sənədlərinə əsasən, şirkət həmin məlumatları başqa alıcılara sata bilər.
Ekspertlər bildirirlər ki, insanlar süni intellekt çatbotları ilə ünsiyyət zamanı şəxsi həyatları, münasibətləri, ailə üzvləri və emosional vəziyyətləri barədə həssas məlumatlar paylaşırlar. Bu məlumatlar yalnız istifadəçinin özünü deyil, söhbətlərdə adı çəkilən digər şəxsləri də risk qarşısında qoya bilər.
Elektron Məxfilik Məlumat Mərkəzinin Süni İntellekt və İnsan Hüquqları Proqramının direktoru Calli Schroeder hesab edir ki, şirkətlərin iflası zamanı istifadəçilərin güvəndiyi məxfilik təminatları qüvvədən düşə bilər. Onun sözlərinə görə, bəzi şirkətlərin məxfilik siyasətlərində iflas halları məlumatların ötürülməsinə imkan verən istisna kimi göstərilir.
Məqalədə vurğulanır ki, Avropa İttifaqı kimi daha sərt məxfilik qaydalarının tətbiq olunduğu regionlarda belə, iflas zamanı məlumatların satılması mümkündür. Məlumatları əldə edən yeni sahib isə müəyyən şərtlər daxilində həmin informasiyalardan süni intellekt modellərinin təlimində, yeni funksiyaların hazırlanmasında və hədəfli reklamda istifadə edə bilər.
Character.ai ilə bağlı məhkəmə iddiaları da narahatlığı artırır. Şirkətin çatbotlarının yeniyetmələrə zərərli təsir göstərməsi ilə bağlı iddialar mövcuddur. Ekspertlər xəbərdarlıq edirlər ki, belə həssas yazışmaların üçüncü tərəflərin əlinə keçməsi ciddi məxfilik və təhlükəsizlik problemləri yarada bilər.
Məqalədə istifadəçilərə şəxsi məlumatlarını paylaşdıqları rəqəmsal platformaları nəzərdən keçirmək və artıq istifadə etmədikləri xidmətlərdə saxlanılan məlumatlarını silmək tövsiyə olunur.
04:20 31.10.2026
Oxunuş sayı: 58