“Binance” hakerlərin oğurladığı milyardları axtarır
Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” platformasına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücum zamanı oğurlanan 6,3 milyard dolların təxminən yarısını dondura bilib.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Şirkətin açıqlamasına görə, oğurlanmış rəqəmsal aktivlərin 3 milyard dolları təhlükəsiz şəkildə bloklanıb. Lakin vəsaitlərin qalan hissəsi kimliyi müəyyən edilməyən hakerlərin əlindədir. İlkin araşdırmada hücumun şirkət mühəndisinin noutbukunun ələ keçirilməsi nəticəsində baş verdiyi ehtimal edilsə də, sonradan təhlükəsizlik pozuntusunun daha genişmiqyaslı olduğu müəyyənləşib.
Bir sıra analitik şirkətlər hücumu Şimali Koreya ilə əlaqəli haker qruplaşması ilə bağlayıblar. Bu hadisənin 2025-ci ildə “Bybit” kriptovalyuta birjasından 1,5 milyard dolların oğurlanması ilə nəticələnən hücumu da geridə qoyaraq rekord kiberhücuma çevrildiyi bildirilir.
ABŞ Məxfi Xidməti oğurlanan vəsaitlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması və geri qaytarılması üçün fasiləsiz çalışdığını açıqlayıb. Qurum kiberhücumun arxasında duran şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağını bildirib. “Binance” də Federal Təhqiqatlar Bürosu (FTB) ilə əməkdaşlıq etdiyini bəyan edib.
Şirkət ABŞ bazarına xidmət göstərən platformasının hücumdan təsirlənmədiyini qeyd edib. Bununla belə, oğurlanmış vəsaitlərin izlənilməsi üçün beynəlxalq hüquq-mühafizə orqanlarının əməkdaşlığına ehtiyac olduğu vurğulanıb. Hücum zamanı ABŞ-la əlaqəli “Tether” və “Circle” şirkətlərinin dollara bağlı stabilkoinləri də hədəfə alınıb.
“Binance” istifadəçilərini vəsaitlərinin təhlükəsiz olduğuna və bütün itkilərin şirkət tərəfindən qarşılanacağına inandırmağa çalışır. Şirkət əvvəlcə bütün depozit və pul çıxarılması əməliyyatlarını dayandırsa da, sonradan depozitlərin qəbulunun davam etdiyini açıqlayıb.
“Binance” şirkətinin həmsədri Riçard Tenq hücumun bir nəfər tərəfindən həyata keçirilmədiyini bildirib. Onun sözlərinə görə, hakerlər hücum zamanı izləri və istifadə etdikləri alətləri məhv edən mexanizmdən yararlanıblar. Bu isə araşdırmanı və oğurlanmış vəsaitlərin izlənilməsini çətinləşdirib.
Bununla yanaşı, kriptovalyuta sahəsi üzrə bəzi ekspertlər istifadəçilərə şirkətin bütün itkiləri qarşılamaq vədinə hüquqi təminat kimi yanaşmamağı tövsiyə ediblər. Onların fikrincə, mümkün mübahisələrdə müştərilərin hüquqları “Binance” ilə bağladıqları müqavilələrin şərtlərindən asılı olacaq.
Kiberhücumun Şimali Koreya ilə əlaqələndirilməsi ehtimalı da diqqət çəkir. “TRM Labs” şirkəti hücumun bir sıra xüsusiyyətlərinin daha əvvəl Şimali Koreya ilə əlaqələndirilən kiberinsidentlərə, o cümlədən “Bybit” hücumuna bənzədiyini bildirib. “Chainalysis” analitik şirkəti isə Şimali Koreya ilə əlaqə ehtimalının yüksək olduğuna dair qənaətə gəlib.
Ekspertlərin fikrincə, beynəlxalq sanksiyalar və iqtisadi çətinliklərlə üzləşən Şimali Koreya rejimi maliyyə vəsaiti əldə etmək üçün kibercinayətlərdən istifadə edir. Pxenyan isə bu ittihamları daim rədd edib.
05:30 31.10.2026
Oxunuş sayı: 54