Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumlara başlayıb
Ukrayna ABŞ Prezidenti Donald Trampın hücumları dayandırmaq çağırışına baxmayaraq, Rusiyanın neft emalı zavodlarına zərbələri yenidən başlayıb.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə məlumat yayıb.
Rusiyanın prezident köməkçisi Yuri Uşakov bildirib ki, Kiyev Trampın tələbinə məhəl qoymur və Avropa ölkələrinin dəstəyinə arxalandığı üçün hücumları davam etdirir.
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, oktyabrın 30-da Ukrayna pilotsuz uçuş aparatları ilə üç neft emalı zavoduna və bir qaz-kimya kompleksinə hücum edib. Müəssisələrdən birində kiçik ziyan qeydə alınıb. Novak Rusiya hava hücumundan müdafiə sistemlərinin hücumları ümumilikdə dəf etdiyini bildirib.
“Wall Street Journal” nəşrinin məlumatına görə, Ukrayna oktyabrın ortalarında ABŞ administrasiyasının təzyiqindən sonra Rusiya neft emalı zavodlarına hücumları müvəqqəti dayandırmışdı. Bildirilirdi ki, fasilənin noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərədək, yaxud daha uzun müddət davam etməsi nəzərdə tutulurdu.
ABŞ tərəfi hücumların dünya bazarında yanacağın qiymətini artıra biləcəyindən narahat idi. Vaşinqton Kiyevə sülh danışıqları üçün əlverişli şərait yaratmaq məqsədilə hücumları bir ay müddətinə dayandırmağı təklif etmişdi.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə yeni hücumların Moskva, Kiyev və Vaşinqton arasında danışıqlara hazırlıq prosesinə mane olmayacağını bildirib.
23:24 30.10.2026
Oxunuş sayı: 56