Yenə "estetik cərrahlar", yenə narazı vətəndaşlar - nə tədbir görülməlidir?
Azərbaycanda tibbi xidmətlərin keyfiyyəti və həkimlərin peşə fəaliyyətinə nəzarət məsələsi son dövrlərdə yenidən gündəmə gəlib. Xüsusilə cərrahi müdaxilələr zamanı yol verilən nöqsanlarla bağlı həkimlərin cəzalandırılması və klinikaların məsuliyyətə cəlb olunması müzakirələrə səbəb olur. Belə hallarda tətbiq edilən məhdudiyyətlərin hansı hüquqi mexanizmə əsaslandığı da mühüm suallardan biridir. Həkimin müəyyən əməliyyatları həyata keçirməsinə qadağa qoyulması onun ixtisası, peşə hazırlığı və hüquqi statusu ilə birbaşa əlaqəlidir. Bununla yanaşı, tibbi fəaliyyətə nəzarətdə sertifikasiya və lisenziyalaşdırma mexanizmlərinin rolu da xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər hesab edirlər ki, həkimin peşə fəaliyyətinin konkret çərçivədə müəyyənləşdirilməsi həm pasiyentlərin təhlükəsizliyi, həm də tibbi xidmətin keyfiyyəti baxımından vacibdir. Klinikaların fəaliyyətində aşkar edilən nöqsanlar isə pasiyentin sağlamlığına təhlükə yaradırsa, ayrıca hüquqi qiymətləndirmə tələb edir. Xüsusilə sterilizasiya, aseptika və antiseptika qaydalarına əməl olunması tibbi müəssisələrin əsas öhdəliklərindən biridir. Bu baxımdan tibbi fəaliyyətə nəzarət mexanizmlərinin daha aydın və sistemli şəkildə tənzimlənməsi məsələsi aktuallığını qoruyur.
Mövzu ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib ki, cərrahların cəzalandırılması və klinikaların cərimələnməsi problemin əsas həlli yolu deyil:
“Bu, çıxış yolu deyil. Həmin cərrahların cəzalandırılması və ya klinikaların cərimələnməsi nəyin əsasında həyata keçirilir? Nəyə əsasən cərrahların müəyyən fəaliyyətlərinə qadağa qoyulur?
Məsələ burasındadır ki, bizdə lisenziya sistemi yoxdur. Lisenziya həkimə həkimlik fəaliyyəti ilə məşğul olmağa icazə verən rəsmi sənəddir. Bu sənəd mütəxəssisin baza tibb təhsilini, internatura və ya rezidentura keçib-keçmədiyini, sənədlərinin qaydasında olub-olmadığını, həmçinin ixtisasartırma kurslarını nəzərə alaraq ona konkret bir sahədə fəaliyyət göstərmək hüququ verir.
Bu sistem olmadıqda, yalnız sertifikasiya imtahanı əsasında qadağalar tətbiq etmək doğru deyil. İnsan sertifikasiya imtahanından keçir və bundan sonra onun müəyyən cərrahiyyəni icra etməsinə məhdudiyyət qoymaq üçün hüquqi əsas qalmır. Məsələn, neyrocərrah neyrocərrahiyyəyə aid bütün əməliyyatları, ümumi cərrah qarın boşluğu və yumşaq toxuma əməliyyatlarını, plastik cərrahlar isə ümumi cərrahiyyəyə aid olan abdominoplastika və digər müdaxilələri həyata keçirirlər. Yəni bu məsələlər müəyyən dərəcədə nisbidir.
Əsas həll yolu lisenziya sisteminə keçməkdir. Sertifikasiya imtahanları ləğv olunmalıdır ki, proses düzgün tənzimlənsin. Klinikaların cərimələnməsinə gəldikdə isə, şübhəsiz ki, müəyyən nöqsanlar ola bilər və bunlar araşdırılmalıdır. Əgər həmin nöqsanlar pasiyentin sağlamlığına ziyan vurursa, eləcə də sterilizasiya, aseptika və antiseptika qaydalarının pozulması ilə bağlıdırsa, əlbəttə ki, lazımi tədbirlər görülməlidir”.
Zeynəb Həsən
20:10 08.09.2026
Oxunuş sayı: 44