Martin Eden - insanın daxili mübarizəsi
Cek Londonun Martin Eden romanı sadəcə bir gəncin yüksəliş hekayəsi deyil. Bu, insanın öz ruhunu parçalayaraq “daha yaxşı” olmağa çalışmasının, sevginin ideallaşdırılmasının və uğurun içini boşaldan acı həqiqətinin faciəvi dastanıdır. Romanı oxuyarkən insan təkcə Martini deyil, özünü də görür. Və bu görmə bəzən dözülməz dərəcədə ağrılıdır. Martin obrazı sanki insanın özünü ifadəsinin təcəssümüdür. Hər birimiz nə vaxtsa özümüzü dəyişmək, özümüzdən qaçmaq istəmişik, bu qaçmağın uğursuz nümunəsi məhz Martindir.
Martin Edenin daxili dünyası – parçalanma və boşalma
Martin Eden romanın əvvəlində xam, güclü, həyat enerjisi daşan bir dənizçidir. Onun bədəni işləyib, əlləri qalınlaşmış, gözləri isə dənizin uzaq üfüqlərinə baxmağa öyrəşmişdir. O, hələ özünü “düşünən” insan kimi görmür. Amma Ruth Morse ilə tanışlıq hər şeyi dəyişir. Bu tanışlıq sadəcə bir qıza aşiq olmaq deyil – Martin özünü ilk dəfə “kifayət etməyən” kimi hiss edir. Və bu hiss onun daxilində nəhəng bir yanğın yaradır. Bu hissi yaradan qızın aid olduğu sosial təbəqə idi. Əslində Martin olduqca normal və sıradan həyat tərzi sürən dənizçi idi. Amma beynindəki müqayisələri dayandırmadan Ruthu özündən yüksəkdə və əlçatmaz görməsi dəyişməyə məcbur edir. Lakin bu dəyişim ona xoşbəxtlik yox bədbəxtlik gətirir.
Martinin daxili dünyası üç mərhələdə parçalanır:
Birinci mərhələ – acı və ehtiras. O, Ruthun dünyasına daxil olmaq üçün özünü dəyişdirməyə başlayır. Kitablar onun üçün artıq sadəcə kağız deyil. Hər səhifə sanki özündən qurtulmaq üçün bir addımdır. Martin gecələr oxuyur, yuxusuz qalır, sözləri əzbərləyir, cümlələri təhlil edir. Bu prosesdə onun içində iki insan doğulur: biri köhnə, xam, güclü dənizçi; digəri isə yeni, həssas, düşünən, yazmağa çalışan Martin. Bu iki insan bir-birini sevmir. Onlar daim mübarizə aparır. Martin özündən, çevrəsindən, yaşayışından qaçmaq yenidən doğulmaq istəyir.
İkinci mərhələ – yüksəliş və yadlaşma. Martin yazmağa başlayır. Əvvəlcə rədd cavabları alır, amma təslim olmur. O, yazını sanki sevgi aktı kimi yaşayır. Hər hekayə Ruth üçün yazılır. Amma getdikcə yazı onun üçün daha çox özünü ifadə vasitəsinə çevrilir. Və burada faciə başlayır: Martin nə qədər yüksəlirsə, bir o qədər öz köhnə dünyasından uzaqlaşır. Bacısı, bacısıqayını, köhnə yoldaşları artıq onu anlamır. O da onları. Bu yadlaşma çox ağrılıdır, çünki Martin hələ də ürəyində o sadə insanları sevir, amma artıq onlarla eyni dildə danışa bilmir. Bu yadlaşma son mərhələdə Ruthla da yaşanır. Martin fəlsəfənin dərinliklərinə endikcə, düşünməyi dərinləşdirdikcə artıq Ruthla da anlaşa bilmir.
Üçüncü mərhələ – boşluq. Uğur gələndə Martin artıq heç nə hiss etmir. İnsanlar onun əsərlərini oxuyur, tərifləyir, pul ödəyir. Amma o, içində heç nə duymur. Yazmaq sevinci yox olur. Sevgi də. Ruthun ona qayıtması belə bir şey dəyişmir. Çünki Martin artıq o Adam deyil ki, Ruthu ideallaşdırırdı. O, idealların boşluğunu kəşf edib. Və bu kəşf onu öldürür. Martinin xəyalını qurduğu hər şey Martində idi amma o xoşbəxt deyildi. Çünki xəyallarına aparan yolun açdığı yaraları qazandıqları sağalda bilmirdi. Ən acısı o idi ki, Martin bunu bilirdi.
Martinin faciəsi ondadır ki, o, özünü “hazırlayıb” elə bir səviyyəyə çatır ki, artıq heç kimə, heç nəyə ehtiyacı qalmır. Hətta özünə belə.
Ruth Morse – sevgi, yoxsa güzgü?
Ruth obrazı çox vaxt sadəcə “burjua qızı” kimi qiymətləndirilir. Amma bu, səthi yanaşmadır. Ruth da öz dünyasının məhsuludur. O, təmiz, mədəni, kitab oxuyan, amma həyatın kobud tərəflərini bilməyən bir qızdır. Martin ona görə cəlbedicidir ki, o, Ruthun heç vaxt tanımadığı güc və ehtiras daşıyır. Ruth Martini “yüksəltmək” yox, onu öz dünyasına uyğunlaşdırmaq istəyir.
Onların münasibəti əsl sevgi deyil – bu, iki fərqli dünyanın toqquşmasıdır. Martin Ruthu tanrıça kimi görür. Ruth isə Martini “potensial” kimi. Bu, çox təhlükəli bir sevgi formasıdır. Çünki hər iki tərəf digərini ideallaşdırır və real insanı görmür.
Ruthun ən böyük günahı (əgər günah demək mümkündürsə) Martini heç vaxt tam anlamağa çalışmamasıdır. O, Martinin ruhunun dərinliyini, onun əzabını, onun yazıya olan ehtirasını hiss etmir. Uğur gələndə Ruthun sevgisi dəyişir. Bu dəyişiklik isə Martini daha da sarsıdır. Çünki o, artıq bilir ki, Ruth onu uğurlu olduğu üçün sevir, uğursuz olduğu üçün yox.
Brissenden – yeganə güzgü
Brissenden romanın ən parlaq və eyni zamanda ən kədərli obrazlarından biridir. O, Martini anlayan yeganə insandır. Brissenden Martinin istedadını görür, amma eyni zamanda uğurun nə qədər boş olduğunu bilir. O, cəmiyyətin yalanlarını, ədəbiyyat dünyasının ikiüzlülüyünü, burjua dəyərlərinin saxtalığını açıq şəkildə görür.
Brissenden ilə Martin arasındakı münasibət qardaşlıq kimidir. Onlar bir-birini sözsüz anlayırlar. Brissendenin ölümü Martini son dəfə sarsıdır. Çünki o, artıq dünyada bir nəfərin belə “məni anlayır” demək hüququnu itirir. Brissenden getdikdən sonra Martin tamamilə tək qalır.
Sinif, ideologiya və fəlsəfə
Roman təkcə fərdi faciə deyil. Bu, eyni zamanda sinfi mübarizənin, fərdiliyin və kollektivizmin toqquşmasının romanıdır. Martin əvvəlcə sosializmə yaxınlaşır, amma sonra ondan uzaqlaşır. O, Nitsşenin “fövqəlinsan” ideyasına daha yaxın olur. Amma London göstərir ki, bu yol da çıxılmazdır. Martin özünü “fövqəlinsan” kimi hiss etdikcə, insanlığını itirir.
Kitablar, bilik, savad – bunların hamısı Martin üçün əvvəlcə azadlıq vasitəsi olur. Sonra isə zəncirə çevrilir. O, bilik vasitəsilə yüksəlir, amma bilik onu öz kökündən qoparır.
Simvollar və atmosfer
Dəniz romanın ən güclü simvollarından biridir. Dəniz Martinin əvvəlki həyatıdır – azad, təhlükəli, canlı. Yazı isə qurudur, soyuqdur, tənhadır. Martin dənizdən quruya çıxdıqca ruhunu itirir.
Kitablar da simvoldur. Onlar həm qapı, həm də həbsxanadır. Martin kitablar vasitəsilə dünyaya açılır, amma eyni zamanda özünü kitablara həbs edir.
Romanın emosional təsiri və sonu
Martin Eden oxuyarkən insan bir neçə dəfə ürəyinin sıxıldığını hiss edir. Xüsusilə o anlarda ki, Martin uğur qazanır, amma içində heç nə yoxdur. Və ya Ruthun ona qayıtdığı səhnədə. O səhnə çox acıdır, çünki artıq hər şey bitib.
Romanın sonu isə… onu oxuyanda sanki nəfəs dayanır. Martin Edenin seçimi qəddar görünə bilər, amma romanın məntiqi baxımından qaçılmazdır. O, artıq bu dünyada yaşaya bilməz. Çünki o, özünü o qədər dəyişdirib ki, geriyə yol yoxdur. Və irəliyə də.
Bu, insanın özünə qarşı apardığı müharibə romanıdır. Bu, sevginin ideallaşdırılmasının, uğurun boşluğunun, tənhalığın və ruhun iflasının romanıdır. Martin Eden obrazı oxucunun içinə yerləşir və uzun müddət tərk etmir.
Bu kitab mənə hər dəfə eyni sualı verir: Mən nəyə can atıram? Və o “nəyə” çatanda içimdə nə qalacaq?
Cavab isə çox vaxt qorxuludur.
Ayhan
19:00 08.09.2026
Oxunuş sayı: 48