Qrenlandiyadan Aİ-yə üzvlüklə bağlı qəti qərar
Qrenlandiya Avropa İttifaqının vəd etdiyi 200 milyon avroluq investisiyaya baxmayaraq, quruma yenidən üzv olmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Qrenlandiyaya səfəri və 200 milyon avro, yəni təxminən 1,5 milyard Danimarka kronu həcmində investisiya vədi adanın Aİ-yə münasibətini dəyişməyib.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, ada əvvəlki mövqeyini qoruyur. Onun sözlərinə görə, Qrenlandiya ilə Aİ arasında əməkdaşlığın inkişaf etdirilməsi və daha strateji xarakter alması vacibdir.
Bununla belə, Nilsen vurğulayıb ki, Qrenlandiyanın Aİ-yə üzvlüyü hazırda gündəmdə deyil.
Qrenlandiya 1985-ci ildə Avropa İqtisadi Birliyindən çıxıb. Ada hazırda Danimarka Krallığının tərkibində muxtar ərazi statusuna malikdir.
19:04 08.09.2026
Oxunuş sayı: 40