ABŞ səfirindən Britaniyaya xəbərdarlıq
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi Britaniyanın işğal olunmuş İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı mümkün sanksiyalarından narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, “BBC Radio 4” bu barədə məlumat yayıb.
Hakabi Britaniyanın planlaşdırdığı tədbirləri tənqid edərək bunun İsrail hökumətinə və yəhudi xalqına qarşı ayrı-seçkilik olduğunu bildirib.
“Mən hesab edirəm ki, bu, İsrail hökumətinə qarşı ayrı-seçkilikdir. Bu, yəhudi xalqına qarşı ayrı-seçkilikdir və bu qərarın məntiqini başa düşmürəm”, – deyə ABŞ səfiri bildirib.
O, Britaniyanın addımını nəticələri əvvəlcədən nəzərə alınmadan atılan addıma bənzədib.
“Bu, hara düşəcəyini bilmədən daş atmağa bənzəyir”, – Hakabi deyib.
ABŞ səfiri vurğulayıb ki, Böyük Britaniya suveren dövlətdir və istədiyi qərarları qəbul edə bilər. Bununla yanaşı, onun sözlərinə görə, eyni hüquq ABŞ-a da aiddir.
Britaniya hökuməti isə İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin genişləndirilməsinə qarşı yeni tədbirlər hazırlayır. London bu yaşayış məntəqələrini beynəlxalq hüquqa zidd hesab edir.
18:24 08.09.2026
Oxunuş sayı: 56