Sudan Efiopiyanı 162 PUA hücumunda ittiham edir: 500-dən çox ölü
Sudan hökuməti Efiopiya ərazisindən həyata keçirildiyini iddia etdiyi 162 pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 400-dən çox mülki şəxsin və 102 hərbçinin həlak olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Sudanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri bu barədə Xartumda keçirilən mətbuat brifinqində məlumat veriblər.
Sudan rəsmilərinin sözlərinə görə, hücumlar Efiopiyanın Assosa və Bahir-Dar bölgələrində, eləcə də Sudan sərhədi boyunca yerləşən hərbi bazalardan həyata keçirilib.
Bildirilib ki, PUA zərbələri nəticəsində ölkənin müxtəlif bölgələrində yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, tibb mərkəzləri və yanacaqdoldurma məntəqələri zərər görüb.
Sudan tərəfi hücumlarda müxtəlif növ pilotsuz uçuş aparatlarından, o cümlədən uzaqmənzilli və kamikadze dronlardan istifadə olunduğunu iddia edib.
Rəsmilər, həmçinin Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hücumlarla əlaqəli olmaqda və Sudan ordusuna qarşı döyüşən Çevik Dəstək Qüvvələrinə (RSF) yardım göstərməkdə ittiham ediblər.
Sudan Xarici İşlər Nazirliyinin dövlət katibi Müaviyə Osman Xalid ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququna malik olduğunu vurğulayıb.
O, beynəlxalq ictimaiyyəti mülki əhalinin təhlükəsizliyinə və regional sabitliyə təhdid yaradan hücumların qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.
Efiopiya daha əvvəl Çevik Dəstək Qüvvələrinə yardım göstərilməsi ilə bağlı ittihamları əsassız adlandıraraq rədd edib. BƏƏ də bu qüvvələrə dəstək verdiyinə dair əvvəlki iddiaları qəbul etməyib.
Qeyd edək ki, Sudan rəsmilərinin açıqladığı hücumların sayı, ölənlərlə bağlı məlumatlar və PUA-ların mənşəyi hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:55 30.10.2026
Oxunuş sayı: 56