Roma Papası Azərbaycana səfər edə bilər
Azərbaycan Roma Papası XIV Leonun Müqəddəs II İohann Pavel adına ikinci katolik kilsəsinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələcəyinə ümid bəsləyir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cefri Saksa müsahibəsində bildirib.
"Fürsətdən istifadə edərək, bütün dünya xristianlarına, xüsusən də katolik konfessiyasının nümayəndələrinə müraciət etmək və bildirmək istərdim ki, Bakıda ikinci katolik kilsəsi tikilir. Birincisi artıq tam fəaliyyət göstərir, ikincisinin tikintisi isə Azərbaycan hökumətinin ianəsi hesabına həyata keçirilir. Ümid edirik ki, Roma Papası XIV Leonun özü bu kilsənin açılış mərasimində iştirak edə biləcək", - H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında sıx münasibətlər formalaşıb və səmərəli əməkdaşlıq qurulub: "Biz doğrudan da Papa XIV Leoya böyük hörmət bəsləyirik. Prezident İlham Əliyev onu Azərbaycana səfər etməyə dəvət edib. İki Roma Papası (II İohann Pavel 2002-ci il, Fransisk 2016-cı il - red.) Azərbaycanda səfərdə olub".(Report)
13:48 30.10.2026
Oxunuş sayı: 52