“Binance”ə kiberhücumda Şimali Koreya günahlandırılır
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance”ə qarşı həyata keçirilən kiberhücum nəticəsində təxminən 6,36 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlanıb. Hücumun arxasında Şimali Koreya ilə əlaqəli haker qrupunun dayandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin blokçeyn analitikası şirkəti “TRM Labs” bu barədə araşdırmasının nəticələrini açıqlayıb.
Şirkətin məlumatına görə, oktyabrın 29-da həyata keçirilən kiberhücum zamanı “Binance”ə məxsus kriptovalyuta cüzdanlarından 10 müxtəlif blokçeyn şəbəkəsi üzərindən vəsait çıxarılıb.
Oğurlanan aktivlərin böyük hissəsi təxminən 20 dəqiqə ərzində hakerlərin nəzarətində olan ünvanlara köçürülüb.
“TRM Labs” hücumun Şimali Koreya ilə əlaqəli “TraderTraitor” haker qrupu tərəfindən həyata keçirildiyini yüksək əminliklə qiymətləndirib. Şirkət bu qənaətə blokçeyn üzərindəki əməliyyatların və digər kəşfiyyat məlumatlarının təhlili əsasında gəldiyini bildirib.
Araşdırmaya əsasən, hadisə indiyədək qeydə alınmış ən böyük kriptovalyuta oğurluğudur. Zərərin həcmi 2025-ci ilin fevralında “Bybit” birjasından oğurlanan 1,5 milyard dollardan təxminən dörd dəfə çoxdur.
Kiberhücumdan sonra “Binance” bir sıra şəbəkələrdə vəsait çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb və təhlükəsizlik araşdırmasına başlayıb.
Məlumata görə, “Tether”, “Circle” və digər şirkətlərin müdaxiləsi nəticəsində oğurlanmış aktivlərin təxminən 2,7 milyard dollarlıq hissəsi dondurulub.
“Binance” istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu açıqlasa da, hücumun dəqiq səbəbləri ilə bağlı araşdırma davam edir.
12:20 30.10.2026
Oxunuş sayı: 74