Pentaqon NATO ölkələrini Rusiyanı təhrik etməməyə çağırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bir sıra NATO müttəfiqlərindən Rusiya ilə bağlı sərt bəyanatlarını yumşaltmağı və Moskvanı təhrik edə biləcək ifadələrdən çəkinməyi xahiş edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə müzakirələrdən məlumatlı dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri son həftələr Litva, Latviya və Estoniya nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə Rusiya ilə bağlı ictimai açıqlamalarda daha ehtiyatlı mövqe nümayiş etdirməyə çağırıblar.
Pentaqonun siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi Baltikyanı ölkələrdən birinin rəsmisinə Moskvanı təhrik etməməyin vacibliyini bildirib.
Kolbi Avropa siyasətçilərinin Rusiyanı “küncə sıxışdırılmış siçovul” kimi təsvir etməsini məqsədəuyğun olmayan ritorikaya nümunə göstərib.
Qeyd olunur ki, Estoniyanın Baş naziri Kristen Mixal sentyabrın sonunda Rusiya Prezidenti Vladimir Putini oxşar ifadə ilə xarakterizə etmişdi.
Avropalı rəsmilərdən biri ABŞ tərəfinin mesajını belə ifadə edib:
“Biz sizə kömək edirik. Amerikalılar yanınızdadır. Sadəcə, yüksək səslə danışmayın, səs-küy yaratmayın”.
Bəzi Avropa rəsmiləri bu tövsiyələri təəccüblə qarşılayıblar. Onlar Baltikyanı ölkələrin təhlükəsizlik qurumlarının Rusiya təhlükəsini onsuz da təmkinlə qiymətləndirdiyini bildiriblər.
Pentaqon isə müttəfiqlər arasında keçirilən qapalı danışıqlarla bağlı iddiaları şərh etməkdən imtina edib.
Məlumata əsasən, Vaşinqtonun bu mövqeyi ABŞ administrasiyasının Ukraynadakı müharibənin danışıqlar yolu ilə başa çatdırılması istiqamətində səylərini yenidən fəallaşdırdığı dövrə təsadüf edir.
11:05 30.10.2026
Oxunuş sayı: 52