ABŞ ordusu 2 400 hərbçinin dəfni üzrə təlim keçirib
ABŞ ordusu Koreya müharibəsindən bəri ilk dəfə döyüş meydanında həlak olan hərbçilərin kütləvi şəkildə müvəqqəti dəfn edilməsi üzrə genişmiqyaslı təlim keçirib. Təlim zamanı 24 saat ərzində 2 400 nəfərin cəsədinin dəfninə imkan verən prosedurlar sınaqdan keçirilib.
Crossmedia.az xəbər verir ki, ABŞ Ordusunun rəsmi saytı bu barədə məlumat yayıb.
Təlim Şimali Karolina ştatındakı Fort-Breq hərbi bazası yaxınlığında “Dragon Covenant” əməliyyatının ikinci mərhələsi çərçivəsində təşkil olunub.
Məqsəd ABŞ ordusunun güclü hərbi rəqiblə mümkün genişmiqyaslı müharibə şəraitində çoxsaylı itkilərin idarə olunmasına hazırlığını yoxlamaqdır.
Təlim zamanı hərbi mühəndislər ağır texnikadan istifadə edərək müvəqqəti dəfn xəndəklərinin qazılması və doldurulması prosedurlarını sınaqdan keçiriblər.
Hesablamalara əsasən, səkkiz buldozer və dörd xüsusi mühəndis texnikası ilə təchiz edilmiş bölmə fasiləsiz fəaliyyət göstərməklə 24 saat ərzində 2 400 nəfərin cəsədi üçün müvəqqəti dəfn yerləri hazırlaya bilər.
Sınaqlarda real insan qalıqlarından deyil, skelet maketlərindən və xüsusi su qablarından istifadə olunub.
ABŞ ordusu bildirib ki, əsas məqsədlərdən biri də həlak olan hərbçilərin qalıqlarının gələcəkdə şəxsiyyətlərinin müəyyənləşdirilməsi və ailələrinə qaytarılması üçün qorunmasını təmin etməkdir.
Təlimin nəticələri hərbi əməliyyatlar zamanı çoxsaylı itkilərin idarə olunmasına dair prosedurların təkmilləşdirilməsində istifadə ediləcək.
Proqramın növbəti mərhələsinin 2027-ci ilin yazında keçirilməsi planlaşdırılır.
09:22 30.10.2026
Oxunuş sayı: 63