Ekoloji böhran 540 min insanın ölümünə səbəb olub - Ekspertlərdən həyəcan təbili
İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil, insan sağlamlığına və qlobal iqtisadiyyata birbaşa təsir göstərən ciddi təhlükə kimi qiymətləndirilir. “The Lancet” tibb jurnalının dərc etdiyi 2026-cı il “Lancet Countdown” hesabatına görə, 2016-2023-cü illərdə dünyada həddindən artıq isti havalar hər il orta hesabla 540 mindən çox insanın ölümünə səbəb olub. Hesabatda 2023-cü ildə isti hava ilə əlaqəli ölümlərin təxminən 710 minə çatdığı, 2025-ci ildə isə istilərin yaratdığı əmək və məhsuldarlıq itkiləri nəticəsində qlobal miqyasda potensial gəlir itkisinin 1 trilyon dolları ötdüyü bildirilir. Eyni zamanda, 2025-ci ildə quruda yerləşən ərazilərin yarıdan çoxunun ən azı bir ay şiddətli quraqlığa məruz qaldığı qeyd olunur. Bu göstəricilər iqlim böhranının sağlamlıq sistemləri, əmək qabiliyyəti və insanların gündəlik həyatına təsirlərini ön plana çıxarır.
Tibb üzrə fəlsəfə doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlamasında atmosferdə istixana qazlarının toplanmasının yaratdığı təhlükələrə diqqət çəkərək, problemin həlli üçün elmi əsaslı proqramların hazırlanmasının vacibliyini bildirib.
Həkim atmosferdə karbon qazı və digər istixana qazlarının toplanmasını istiliyin Yer səthində daha çox saxlanmasının əsas səbəblərindən biri kimi göstərib: “Atmosferə atılan tullantılar, fosil yanacaqların yandırılması, müxtəlif istehsalat sahələrinin fəaliyyəti və təyyarə uçuşları istixana qazlarının miqdarının artmasına təsir göstərir. Yer səthi Günəşdən aldığı enerjinin bir hissəsini istilik şəklində geri yayır. Atmosferdəki istixana qazları isə bu istiliyin bir hissəsinin kosmosa çıxmasını məhdudlaşdırır və nəticədə Yer kürəsinin temperaturu yüksəlir”.

Adil Qeybulla temperatur artımının nəticələrinin yalnız insan sağlamlığı ilə məhdudlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, iqlimdə baş verən dəyişikliklər bitki və heyvan növlərinin yaşamasına, təbii mühitə və insanların qida təminatına təsir edə bilər: “Biz Yer kürəsində tək yaşamırıq. Bitkilərin və heyvanların mövcudluğu da nəzərə alınmalıdır, çünki insanın qida məhsullarının böyük hissəsi onlarla bağlıdır. Ayrı-ayrı növlərin sıradan çıxması, dəyişən şəraitə uyğunlaşmağa məcbur olması və ekosistemlərin pozulması gələcəkdə ciddi problemlər yarada bilər. Temperaturun yüksəlməsi təbii mühitdə və coğrafi şəraitdə də dəyişikliklərə səbəb ola bilər”.
Problemin həlli yollarından danışan Adil Qeybulla mövcud təşəbbüslərin effektivliyinin artırılmasına ehtiyac olduğunu bildirib. O, xüsusilə karbon qazının azaldılması və utilizasiyası istiqamətində elmi tədqiqatların əhəmiyyətini qeyd edib: “Bu məsələ ilə bağlı ciddi və elmi əsaslara söykənən proqramlar hazırlanmalıdır. Karbon qazının utilizasiyası istiqamətində real işlər görülməlidir. Əks halda, təhlükə yalnız insanlar üçün deyil, bütövlükdə canlı aləm üçün daha da arta bilər. İqlim sistemində ciddi dəyişikliklər və müxtəlif təbiət hadisələrinin intensivləşməsi riskini nəzərə almaq lazımdır”.
Ekoloq Cavid Hüseynov açıqlamasında iqlim böhranının təsirlərini azaltmaq üçün enerji, nəqliyyat, şəhərsalma və kənd təsərrüfatı sahələrində sistemli dəyişikliklərin vacibliyini vurğulayıb.
Ekoloqun sözlərinə görə, atmosferə atılan istixana qazlarının miqdarının azaldılması üçün enerji istehsalında alternativ mənbələrə keçid sürətləndirilməlidir. O bildirib: “İqlim böhranının qarşısını almaq üçün atmosferə atılan karbon qazı və metan kimi istixana qazlarının emissiyasını minimuma endirmək lazımdır. Bunun üçün günəş, külək, hidroenergetika və geotermal enerji kimi bərpaolunan mənbələrin istifadəsi genişləndirilməli, sənaye və yaşayış sektorlarında enerji səmərəliliyini artıran texnologiyalar tətbiq olunmalıdır. Əsas istiqamətlərdən biri də kömür, neft və təbii qaz kimi fosil yanacaqlardan mərhələli şəkildə imtina etməkdir”.

Cavid Hüseynov şəhərlərdə yaşıllıq sahələrinin genişləndirilməsini və nəqliyyat emissiyalarının azaldılmasını da vacib hesab edir. O qeyd edib: “Parkların, yaşıl damların və yaşıllıq dəhlizlərinin artırılması şəhərlərdə temperaturun azalmasına kömək edə bilər. Eyni zamanda, nəqliyyat sektorunda emissiyaların azaldılması üçün elektromobillərin və digər ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsi genişləndirilməli, velosiped və mikromobillik infrastrukturu inkişaf etdirilməlidir”.
Ekoloq təbii ekosistemlərin qorunmasının iqlim tarazlığının saxlanılmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, meşələr və okeanlar atmosferdəki karbonun udulmasında əhəmiyyətli funksiyaya malikdir: “Meşələrin bərpası və yeni meşə sahələrinin yaradılması genişləndirilməlidir. Bununla yanaşı, dəniz ekosistemləri və biomüxtəliflik qorunmalıdır. Təbii karbon uducularının zəifləməsi iqlim böhranının təsirlərini daha da ağırlaşdıra bilər”.
Cavid Hüseynov kənd təsərrüfatında da dayanıqlı yanaşmaların tətbiqini zəruri sayır. O vurğulayıb: “İqlim dəyişiklikləri kənd təsərrüfatında məhsuldarlığa, torpağın vəziyyətinə və su ehtiyatlarına təsir göstərir. Buna görə torpağın strukturunu və bioloji aktivliyini qoruyan bərpaedici kənd təsərrüfatı modellərinə keçid vacibdir. Quraqlıq və su çatışmazlığı şəraitində damcı suvarma kimi qənaətcil texnologiyaların tətbiqi genişləndirilməli, su ehtiyatlarından daha səmərəli istifadə olunmalıdır”.
Ekoloqun fikrincə, iqlim böhranı ilə mübarizə ayrı-ayrı ekoloji tədbirlərlə məhdudlaşmamalı, uzunmüddətli strategiyaya əsaslanmalıdır. Enerji istehsalından kənd təsərrüfatına qədər müxtəlif sahələrdə emissiyaların azaldılması və dəyişən iqlim şəraitinə uyğunlaşma tədbirlərinin görülməsi həm insanların sağlamlığının, həm də iqtisadi sistemlərin dayanıqlılığının qorunması baxımından əhəmiyyətlidir.
Nigar Xəlilli
09:30 30.10.2026
Oxunuş sayı: 217