ABŞ Kameruna 35 milyon dollarlıq hərbi yardım ayıracaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası Kamerunun deportasiya edilən şəxsləri qəbul etməsi müqabilində bu ölkəyə təxminən 35 milyon dollarlıq hərbi yardım göstərməyə razılaşıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti bu barədə ABŞ rəsmilərinə və Konqres əməkdaşlarına istinadən məlumat yayıb.
Məlumata görə, hərbi yardım paketinə Kamerun ordusunun Çevik Müdaxilə Batalyonu (BIR) üçün zirehli transportyorların verilməsi də daxildir.
Qeyd olunur ki, sözügedən hərbi bölmə əvvəllər işgəncə, insan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı ittihamlarla üzləşib. Bu səbəbdən Trampın ilk prezidentliyi dövründə, 2019-cu ildə ABŞ həmin bölməyə yardımı dayandırmışdı.
Mənbələrin bildirdiyinə görə, hərbi yardım və deportasiya razılaşmaları eyni danışıqlar çərçivəsində əldə olunub.
Kamerun razılaşma əsasında ABŞ-dan deportasiya edilən ən azı 36 nəfəri qəbul edib. Onların arasında mənşə ölkələrinə qaytarılması təqib və təhlükəsizlik riskləri ilə əlaqədar mümkün olmayan şəxslər də var.
ABŞ senatoru Cin Şahin hərbi yardımın ayrılmasına etiraz etsə də, Dövlət Departamenti bu məhdudiyyəti aradan qaldıraraq razılaşmanın həyata keçirilməsini davam etdirib.
ABŞ Dövlət Departamenti razılaşmanın təfərrüatlarını açıqlamaqdan imtina edib. Bununla belə, qurum Kamerunla təhlükəsizlik və terrorla mübarizə sahəsində əməkdaşlığın davam etdiyini və insan hüquqlarını pozan hərbi bölmələrə yardım göstərilməsini məhdudlaşdıran qanunvericiliyə əməl olunduğunu bildirib.
11:29 30.10.2026
Oxunuş sayı: 53