Müharibə qapımızdadır - necə qorunmalıyıq?
Müasir dünyada müharibələrin forması dəyişib. Tanklar, raketlər və cəbhə xətləri hələ də mövcud olsa da, ən geniş yayılmış və ən təhlükəli müharibə forması ideoloji müharibəyə çevrilib. Bu müharibədə silahla deyil, məlumat, manipulyasiya, dezinformasiya, tarixin təhrifi və cəmiyyətin dəyərlər sisteminə edilən hücumdur. Məqsəd isə aydın və qəddardır: xalqın özünə, tarixinə, dövlətçiliyinə və gələcəyinə olan inamını sarsıtmaq, daxili parçalanma yaratmaq və xarici maraqların mənfəətinə uyğun idarə olunan cəmiyyət formalaşdırmaq.
Azərbaycan bu ideoloji hücumların hədəfində dəfələrlə olub. Qarabağ münaqişəsi illərində və ondan sonrakı dövrdə ölkəmizə qarşı sistemli şəkildə aparılan informasiya müharibəsi, tarixin saxtalaşdırılması cəhdləri, etnik və dini həssaslıqların qızışdırılması, sosial media vasitəsilə cəmiyyətin polarizasiyası və bəzi xarici qurumların “vətəndaş cəmiyyəti” adı altında həyata keçirdiyi təsir əməliyyatları bunun bariz nümunələridir. Bu təhdidlər yalnız keçmişə aid deyil – onlar bu gün də davam edir və yeni formalarda özünü göstərir.
Belə bir reallıq qarşısında sual qaçılmazdır: Xarici ideoloji müdaxilələrdən necə qoruna bilərik? Hansı addımlar atılmalıdır ki, Azərbaycan cəmiyyəti məlumat müharibəsinin qurbanına çevrilməsin, milli kimliyini, tarixi yaddaşını və dövlət müstəqilliyini qoruyub saxlasın?
Mövzu ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlamasında qeyd edib ki, 1990-cı illərdə, Sovetlər Birliyindən sonrakı dövrdə bəzi qüvvələr belə bir iddia ilə çıxış edirdilər ki, əvvəlki totalitar quruluş sırf bolşeviklərin dünya inqilabları ideyasına bağlı olduğuna görə yeni cəmiyyətlərə hər hansı bir ideologiya gərək deyil: “O cəhətdən yalnız hüquqi cəmiyyət, demokratiya, azadlıqların bərqərar olması kifayət edəcəkdir. Lakin zaman keçdi və biz torpaqlarımızın işğalı dövründə ilk zərbələri yaşayanda şahidi olduq ki, ideya, siyasi məkanda baş verən diversiya daha artıq dərəcədə hərbi işğallar kimi ölkə həyatını əhatə edir və burada ciddi təhlükələr yaradır, etnik-milli toqquşmalara səbəb olur. Digər tərəfdən vətəndaş qarşıdurmaları yaradır, o biri yandan isə başqa xalqların və ya dövlətlərin sanki kultunu, ideyalarını, baxışlar sistemini, həm də üsul-idarələrini ixrac etməyə kömək edir. Demokratiya əslində bir formula olaraq, termin kimi min illik tarixə malikdir, qədim yunanlardan gəlir. Bu söz xalqın hakimiyyəti mənasında qəbul edilir. Ancaq bu gün həmin prosesi özünün xarici siyasət silahına çevirən dövlətlər maksimum dərəcədə ayrı-ayrı ölkələrə demokratiya adı altında hücumlar edirlər. Bu, Əfqanıstanda da, İraq əleyhinə savaşlarda da geniş, qlobal bir trend idi. Belə oldu ki, məqsəd əslində orada ədalətli bir quruluş formalaşdırmaq deyil. Eləcə də insan haqları məsələsi ölkələrin daxili işlərinə müdaxilənin ən mühüm silahına, alətinə çevrilibdir və yaxud geosiyasi maraqlarını gizlətmək vasitəsidir”.

Deputat qeyd edib ki, ikinci, məsələ, biz işğal dövründə azərbaycançılığı Ulu Öndərin dövlət kursuna çevirdik və bütün xalqı bu ideya ətrafında birləşdirdik, toqquşmaların ağır nəticələrini ortadan qaldırdıq: “Nə talış, nə də ləzgi nə də ölkəmizdə yaşayan digər etnik xalqının guya ayrıca bir dövlət təsis etmək kimi bir prosesi qalmadı. Və bunun sonrasında, artıq Prezident İlham Əliyevin liderliyi dövründə biz gördük ki, xalqımız daha artıq dərəcədə Qarabağın işğaldan azad olunmasına yönəlmiş bir milli ideya ətrafında birləşdi. Və bu, öz-özlüyündə həm də o demək idi ki, nə qədər faciə olsa da, yenə də bütün sosial təbəqələri, etnik-milli qrupları, inancsızları və yaxud da dini dairələri məhz bu məsələ birləşdirir. O səbəbdən 2022-ci ildə cənab Prezident bu məsələni irəli sürdü və bəyan etdi ki, biz hərbi meydanda qələbəyə nail olmuşuq, torpaqlarımızı təcavüzdən təmizləmişik. Amma söylədiyiniz kimi, sərhədsiz məkan olan informasiya platformaları, blogosfer dünyası, indi də artıq onun süni intellekt əsaslı botlarla və saxta, feyk məlumatlarla zənginləşdirilməsi fonunda biz ideoloji məkanımızı da diversiyalardan təmizləməliyik, ideoloji suverenliyimizə nail olmalıyıq. Bunu rəqəmsal suverenlik kimi də qəbul edə bilərsiniz. Çünki əsasən indiki halda savaşı məhz o müstəvidə aparan qüvvələr var və düşünürəm ki, bu, öz-özlüyündə, ciddi təhdidlər yaradır. Bir tərəfdən, gündəlik olaraq, hər bir xalqın iradəsinin ziddinə, yenə də bəzi dövlətlər özlərini dominant hesab edirlər, daha güclüdürlər, başqalarına şərtləri onlar irəli sürməlidirlər, yaşam tərzinə müdaxilə etməlidirlər. Kimsə din dövləti qurmalıdır, qeyriləri isə belə radikal müasirliklə öz dəyərlərindən tamamilə kənarlaşsın, ailə kimliyini, milli kimliyini unutmasın v.s. Bəs hansı vasitələrlə biz bu mübarizənin qarşısında dayana bilərik? İlk növbədə, cəmiyyətimizi elə hərbi 44 günlük Zəfər savaşımızda olduğu kimi səfərbər etməklə. Yəni burada gözlə görünən hədəf deyil ki, bunu ordu xüsusi strateji silahların, arxa cəbhə zərbələrinin köməyi ilə məhv etsin. Yox, burada xüsusi təyinatlı qüvvələr məhz qələm adamlarımız, ziyalılarımız, elm xadimlərimiz, beyin mərkəzlərimiz, siyasi nümayəndələrimiz olmalıdır ki, daha artıq dərəcədə bu istiqamətdə qalib kimliyinin doktrinasını, belə demək mümkündürsə, onun əsas konseptual modelini formalaşdırsın”.
Z.Oruc əlavə edib ki, bizim üçün ən başlıca məsələ hal-hazırda bax bu iki əsr ərzində, təkcə Kürəkçaydan, Gülüstandan, Türkmənçaydan sonra Moskva və Qars müqaviləsinə qədər gələn xəttdə, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı — hamısı əslində, yəni biz məğlubiyyət hadisələri üzərindən xalq özünün kimliyini formalaşdırırdı və siyasi ideallarını o istiqamətdə yönəldirdi. İndiki halda isə biz artıq zəfər ideologiyasını millətin ümumi gələcəyinə və sabahına yönəlmiş bir ideya kimi, deməli, ədəbiyyat, kino və bütün hadisələri bunun üzərində qurmalıyıq. Son günlər “44” filmi nə qədər geniş tərəfdar qazandı, uğur əldə etdi, hamı onu alqışladı. Ona görə yekun olaraq, bu gün dünyada mədəniyyətlərin, dilin, dinin və digər xarakteristikaların, sadəcə dominantlıq ideallarının, həyat tərzlərinin, baş geyimlərinin, libasın, uşaqların həyatına təsir edən gizli filmlərin və sair əşyaların, oyuncaqların hamısının əslində, tam açıqlığı ilə desək, savaşı gedir. Və bunun qarşısında iradə göstərmək, öz kimliyini qorumaq, qələbəmizi möhkəmləndirmək naminə biz çalışmalıyıq ki, burada, bax bu istiqamətdə bizim qələm adamlarımız, dövlət nümayəndələrimiz, bütün digər siyasi və ictimai təşkilatlarımız bir araya gələrək bu istiqamətdə güclü, yeni sənədlər hazırlasınlar. O cümlədən bizim ideoloji kimliyimizin qələbədən sonra yeni bir həyat tərzi kimi bütün sferalarda — sosial həyatda, iqtisadiyyatda, o cümlədən ədəbiyyatda, məktəbdə, tədrisdə — bütün əsaslarını formalaşdıraq. Yəni bizim kitablarımız faciələrdən bəhs edir, belə deyilmi? Hamımız başa düşürük ki, bu, məqbul bir addımdır. Amma artıq tədricən onlara qələbə əsərləri də əlavə olunmalıdır. Onları unutmamaq, qoruyub saxlamaqla yanaşı, artıq qələbə salnamələri ora daxil olunmalıdır, zəfər dərsləri keçirilməlidir. Bu, həyatda da özünü göstərməlidir. Hər kəs bu zəfərin, qələbənin uğurunu hiss etməlidir. O halda dediyimiz xarici ideoloji basqılara tab gətirmək mümkün olacaq”.
Mətbuat Şurasının idarə heyətinin üzvü Müşfiq Ələsgərli isə açıqlamasında qeyd edib ki, hibrid təhdidlər günümüzün ən aktual problemləri sırasındadı: “Bu təhdidlər daha çox ideoloji təxribatların törədilməsi, informasiya savaşlarının aparılması, dezinformasiya, feyk xəbərlər, deepfake vasitəsilə xəbərlərin yayılması və ictimai rəyin çaşdırılmasına yönəlmiş hesablanmış addımlardır. Günümüzdə hədəf dövlətlərə qarşı bu üsullardan daha çox istifadə olunur. Bunun içərisində ən çox yayılanı ideoloji təxribatlardır. Bu ideoloji təxribatlar insanların inancları, milli kimlikləri, mənəvi dəyərləri ilə bağlı təxribatçı informasiyalar yaymaq və insanları çaşqın duruma salmaq, özlərinin düşüncələri, inancları, milli dəyərləri, mənəvi dəyərləri ilə bağlı, belə deyək ki, çaşqın duruma salmaqdan ibarətdir”.

M.Ələsgərli qeyd edib ki, bu, müxtəlif versiyalarla, variantlarla aparılmasına baxmayaraq, vasitələr çoxdur, amma hədəf birdir: “Burada hədəf ictimai auditoriyadır. Yəni bir ölkəyə qarşı yönəlmiş hibrid təhdidlər əslində onun əhalisinin fikrinin çaşqınlığına yönəlir və ölkə içərisində, xalq arasında, ictimai sahədə, çaşqınlıq, etibarsızlıq mühiti formalaşdırmağa yönəlir”.
Ayhan
11:30 30.10.2026
Oxunuş sayı: 362