Ukrayna PUA-ları Rusiyanın neft emalı zavoduna hücum edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) oktyabrın 30-na keçən gecə Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk Neft Emalı Zavoduna hücum etdiyi bildirilir. Hücumdan sonra ərazidə partlayışlar baş verib və güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “ASTRA” nəşri və Ukraynanın “Exilenova+” monitorinq kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, yerli sakinlər şəhərdə bir neçə partlayış səsi eşitdiklərini və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini müşahidə etdiklərini bildiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə neft emalı zavodunun yerləşdiyi ərazidən yüksələn alov və qatı tüstü müşahidə olunur.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev bölgənin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını təsdiqləyib. Lakin zavodun vurulması ilə bağlı ətraflı məlumat açıqlamayıb.
Qeyd edək ki, “Rosneft” şirkətinə məxsus Novokuybışevsk Neft Emalı Zavodu Rusiyanın Volqaboyu regionundakı iri müəssisələrdən biridir. Zavodun illik neft emalı gücü təxminən 8,8 milyon ton təşkil edir.
Müəssisədə benzin, dizel yanacağı, bitum və aviasiya yanacağı da daxil olmaqla müxtəlif neft məhsulları istehsal olunur.
Hücum nəticəsində zavoda dəymiş ziyanın miqyası hələlik məlum deyil. Zavodun birbaşa vurulması barədə məlumat da Rusiya rəsmiləri tərəfindən təsdiqlənməyib.
11:38 30.10.2026
Oxunuş sayı: 60