Yeni Məcəllə dövlət qulluqçularına nə vəd edir? - Əməkhaqqı və...
Dövlət qulluğu sahəsində qanunvericiliyin yenilənməsi Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir. Milli Məclis 30 sentyabr 2026-cı il tarixində “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Yeni Məcəllənin hazırlanması dövlət qulluğu ilə bağlı müxtəlif qanun və normativ hüquqi aktlarda əksini tapan müddəaların vahid sənəddə sistemləşdirilməsinə, hüquqi tənzimləmənin daha ardıcıl və əhatəli şəkildə həyata keçirilməsinə xidmət edir.
Beş bölmə, 15 fəsil və 94 maddədən ibarət olan Məcəllə dövlət qulluğuna qəbul qaydalarından tutmuş dövlət qulluqçularının əməkhaqqı və sosial təminatlarına, xidməti fəaliyyətinin qiymətləndirilməsindən peşəkar inkişafına, vəzifədə irəliləyişindən intizam məsuliyyətinə qədər bir sıra mühüm məsələləri əhatə edir. Bəs yeni Məcəllə dövlət idarəçiliyində hansı dəyişikliklərə yol açacaq, dövlət qulluqçularının hüquq və təminatlarına hansı yenilikləri gətirəcək və bu dəyişikliklər vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azay Quliyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi” dövlət qulluğu sistemində mühüm institusional islahatdır: "Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin qəbul edilməsi dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, dövlət idarəçiliyində peşəkarlığın artırılması və hüquqi tənzimləmənin müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 5 bölmə, 15 fəsil və 94 maddədən ibarət olan Məcəllə dövlət qulluğu sahəsində münasibətlərin ayrı-ayrı qanunlar və normativ hüquqi aktlarla tənzimlənməsindən vahid, sistemli və müasir hüquqi çərçivəyə keçidi təmin edir. Məcəllənin əhəmiyyəti yalnız mövcud hüquq normalarının vahid sənəddə birləşdirilməsi ilə məhdudlaşmır. Əsas məqsəd hüquqi normalar arasında qarşılıqlı əlaqəni gücləndirmək, hüquqi boşluqları və ziddiyyətləri aradan qaldırmaq, dövlət qulluqçularının hüquqi statusunu daha aydın müəyyənləşdirmək və dövlət qulluğunun idarə edilməsində şəffaflıq və hesabatlılıq prinsiplərini möhkəmləndirməkdir".

Deputat qeyd edib ki, məcəllədə dövlət qulluğunun prinsipləri, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatı, qulluğa qəbul, müsabiqə və müsahibə mexanizmləri, qulluq stajı və ixtisas dərəcələri, əməkhaqqı, rotasiya, andiçmə və digər mühüm məsələlər sistemli şəkildə tənzimlənir: "Sənəd dövlət qulluqçularının karyera inkişafı və fəaliyyətinin qiymətləndirilməsi üçün daha sistemli və obyektiv yanaşmaların hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, onların hüquq və vəzifələrini, qanunsuz tapşırıqların icrasından imtina imkanlarını, neqativ hallarla bağlı müraciətlərin verilməsi və araşdırılması qaydalarını, intizam məsuliyyətini və dövlət qulluğuna xitam məsələlərini də əhatə edir. Bu normalar dövlət qulluğunda yalnız vəzifəyə təyin olunma məsələsinə deyil, həm də qulluq fəaliyyətinin keyfiyyətinə, nəticələrə, peşəkarlığa və məsuliyyətə xüsusi diqqət yetirilməsinə xidmət edir. Məcəllənin qəbul edilməsi dövlət qulluğunun hüquqi əsaslarının möhkəmləndirilməsi ilə yanaşı, daha səmərəli, şəffaf və peşəkar dövlət idarəçiliyinin formalaşdırılmasına yönəlmiş mühüm addımdır. Bu baxımdan onun tətbiqi dövlət qulluğu sistemində vahid hüquqi yanaşmanın gücləndirilməsi, institusional inkişafın sürətləndirilməsi və vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün yeni imkanlar yaradır".

Hüquq elmləri doktoru Vüsalə Əhmədova isə açıqlamasında qeyd edib ki, Dövlət Qulluğu Məcəlləsi layihəsinin əsas hüquqi mahiyyəti dövlət qulluğuna dair normaların bir sənəddə birləşdirilməsidir: "Layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını eyni məcəllədə birləşdirir. Məcəllənin əhatə dairəsinə dövlət qulluğunun prinsipləri, dövlət orqanlarının kateqoriyaları, vəzifələrin təsnifatı, işə qəbul, qulluq keçmə, əməkhaqqı, etik davranış və intizam məsuliyyəti daxildir. Belə olan halda, eyni münasibətin müxtəlif qanunlar və qaydalar üzrə axtarılmasına ehtiyac qalmayacaq, hüquqi normaların sistemli tətbiqi asanlaşacaq. Əsas yeniliklərdən biri əməkhaqqı sisteminin yenidən qurulmasıdır. Layihədə inzibati və yardımçı vəzifələr üçün fərqli ödəniş səviyyələri, qulluq stajı və fəaliyyətin qiymətləndirilməsi ilə əlaqəli mexanizmlər nəzərdə tutulur. Bununla yanaşı, rotasiya qaydalarının dəqiqləşdirilməsi və peşəkar inkişaf imkanlarının sistemləşdirilməsi hədəflənir. Bununla belə, bütün dövlət sektorunda işləyən şəxslər avtomatik olaraq dövlət qulluqçusu hesab edilmir. Məcəllənin 3.4-cü maddəsinə görə, dövlət orqanlarının strukturuna daxil olmayan tabeli qurumların işçiləri Məcəllənin əhatə dairəsinə daxil edilmir. Onların əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənəcək. Nəzərə almaq lazımdır ki, layihənin birinci oxunuşda qəbul edilməsi onun müddəalarının artıq qüvvəyə minməsi demək deyil. Həmçinin yeni əməkhaqqı sisteminin nəzərdə tutulması bütün dövlət qulluqçularının maaşının avtomatik artacağına da zəmanət vermir. Bu məqsədlərin nə dərəcədə reallaşacağı isə yekun qanunun məzmunundan və onun tətbiq mexanizmlərindən asılı olacaq".
Ayhan
19:30 29.10.2026
Oxunuş sayı: 59