Avropada qaz qiyməti rekord həddə qalxdı - Azərbaycan qazı köməyə çatacaq?
Avropada təbii qazın qiymətinin 2022-ci ildən bəri ilk dəfə 100 avro həddini keçməsi enerji bazarında ciddi narahatlıq yaradıb. Yaxın Şərqdə münaqişənin şiddətlənməsi, mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı risklərin artması və Avropanın qaz anbarlarında ehtiyatların azalması qiymət artımına təsir edən əsas amillər sırasındadır. Enerji daşıyıcılarının bahalaşması elektrik enerjisi, nəqliyyat yanacağı və ərzaq məhsullarının qiymətlərinə də təsir göstərə bilər. Mövcud vəziyyət Avropanın enerji təhlükəsizliyi, alternativ təchizat mənbələrinin əhəmiyyəti və Azərbaycanın enerji bazarındakı mövqeyi ilə bağlı suallar doğurur.
Cross Media Təhlil Mərkəzinin Analitiki Aqil Eyvazov Crossmedia.az-a açıqlamasında bildirib ki, avropada təbii qazın bahalaşması enerji təchizatına dair narahatlığın artdığını göstərir: "Oktyabrın 28-də Niderlandın TTF bazarında yaxın ay üzrə qaz müqaviləsinin qiyməti bir meqavat-saat üçün 100 avro həddinə çatıb. Lakin qeyd edək ki, burada söhbət topdansatış bazarından gedir. Bu, hələ əhali üçün qaz tarifinin dərhal eyni səviyyədə artması demək deyil. Qiymət artımının əsas səbəbləri kimi Yaxın Şərqdəki münaqişənin mayeləşdirilmiş qaz daşımalarını məhdudlaşdırması, qışın yaxınlaşması və Avropanın qaz anbarlarının əvvəlki illə müqayisədə daha az dolu olması göstərmək olar. Təbii ki, bu amillər də Avropanın təchizat imkanlarını daraldır və mümkün soyuq hava şəraitinə qarşı həssaslığını artırır. Qazın bahalaşması paralel olaraq elektrik enerjisinin qiymətinə də təsir göstərir. Xüsusilə tələbatın yüksək olduğu saatlarda qazla işləyən stansiyalar elektrik qiymətlərinin formalaşmasında mühüm rol oynayır. Təsirin ailələrin hesablarında nə vaxt hiss olunması isə müqavilələrdən və dövlət dəstəyindən asılıdır. Burada ərzaq və digər mallarda bahalaşma riski də yaranır, belə ki, gübrə istehsalı, məhsulların emalı, soyudulması və saxlanması daha çox xərc tələb edə bilər. Lakin qazın qiymət artımının eyni faizlə bütün məhsullara keçəcəyini söyləmək olmaz".

A.Eyvazov qeyd edib ki, bütün bunların fonunda Azərbaycan üçün bu vəziyyət əlavə ixrac gəliri və Avropa ilə enerji əməkdaşlığını genişləndirmək imkanı yarada bilər: "Bununla belə, birja qiymətinin yüksəlməsi bütün qaz satışlarımızdan gəlirin dərhal eyni nisbətdə artması demək deyil. Nəticə müqavilələrin qiymət şərtlərindən və ixrac həcmindən asılı olacaq. Avropanın enerji təchizatında rolumuzun artması da mümkündür. TAP-ın uzunmüddətli ötürmə gücünün 2026-cı ilin əvvəlindən ildə əlavə 1,2 milyard kubmetr artırılması bu baxımdan mühüm imkandır. Daha böyük ixrac üçün isə əlavə hasilat, nəql imkanları və uzunmüddətli alqı-satqı razılaşmaları lazımdır. Risklərin də olduğunu xüsusi qeyd etmək lazımdır. Xaricdə enerji və istehsal xərclərinin yüksəlməsi Azərbaycana idxal olunan məhsulları da bahalaşdıra bilər. Yüksək qiymətlərin uzun müddət davam etməsi isə Avropada qaz istehlakının azaldılmasını və alternativ enerjiyə keçidi sürətləndirə bilər. Məncə, Azərbaycan üçün əsas məqsəd etibarlı təchizatçı mövqeyini gücləndirmək və mümkün əlavə gəlirləri iqtisadiyyatın şaxələnməsinə yönəltmək olmalıdır. Avropada enerji qiymətlərinin gələcək dinamikası Yaxın Şərqdəki münaqişənin gedişindən, qaz təchizatının sabitliyindən və qış mövsümündə tələbatın səviyyəsindən asılı olacaq. Bu proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır".
Fəridə Yaşarqızı
18:30 29.10.2026
Oxunuş sayı: 53