İran Hörmüz boğazı yaxınlığında ABŞ dronunu ələ keçirdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının qərbində ABŞ-yə məxsus MQM-170 tipli kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
İran tərəfinin açıqlamasına əsasən, radioelektron mübarizə bölmələri pilotsuz uçuş aparatını aşkar edib, onun naviqasiya sistemləri üzərində nəzarəti ələ keçirərək dronu zədələnmədən yerə endirib.
SEPAH bildirib ki, pilotsuz uçuş aparatı Fars körfəzi sahillərində və Hörmüz boğazı boyunca yerləşən İranın hava hücumundan müdafiə mövqeləri barədə kəşfiyyat məlumatları toplayırmış.
İran hərbçilərinin iddiasına görə, drondan əldə edilən məlumatlar onun Fars körfəzinin cənub sahilində yerləşən ölkələrdən birinin ərazisindən buraxıldığını göstərir.
ABŞ tərəfinin hadisə ilə bağlı mövqeyi barədə məlumat verilməyib.
17:01 29.10.2026
Oxunuş sayı: 53